Şuşa - hər bir azərbaycanlının qəlbində yaşayan şəhər - VİDEO

Şuşa - hər bir azərbaycanlının qəlbində yaşayan şəhər - VİDEO Şuşanı ziyarət edən bir qrup əcnəbi jurnalist şəhərin əsas görməli yerləri ilə tanış olublar
Multimedia
29 İyul , 2021 14:19
Şuşa - hər bir azərbaycanlının qəlbində yaşayan şəhər - VİDEO

XIX əsrdə Şuşa Qafqazın ən böyük şəhərlərindən biri idi, böyüklüyünə və sərvətinə görə hətta Bakını belə üstələyirdi. Şəhər bir çox karvan yollarının kəsişməsində yerləşirdi və ipək parçaları, daşlarla döşənmiş küçələri, böyük daş malikanələri, parlaq naxışlı xalçaları ilə məşhur idi. Hər bir azərbaycanlı üçün Şuşa mədəniyyətimizin və tariximizin rəmzidir.

Lakin 1992-ci ilin mayında, Qarabağ müharibəsinin qızğın vaxtında erməni işğalçı qüvvələri Şuşanı işğal etdi və şəhəri vəhşicəsinə dağıtdılar, hətta çox qiymətli tarixi və memarlıq abidələrini belə məhv etdilər. Yalnız 30 ilə yaxın müddətdən sonra şəhər işğaldan azad edildi və bu gün tədricən həyata qayıtmağa başlayıb.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şuşanın yenidənqarması üçün planlaşdırma və layihələndirmə işlərinə başlayıb. Bu işlər çərçivəsində birvaxtlar qala divarı üzərində mövcud olmuş, lakin işğal zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən sökülən məşhur “Şuşa” yazısı bərpa edilib və bu gün yenidən şəhərin bütün qonaqlarını qarşılayır.

Şəhərin görməli yerlərindən biri olan Qarabağın son xanı Mehdiqulu Xan Cavanşirin qızı Xurşidbanu Natavanın evinə ciddi ziyan dəyib. Şuşanın 1992-ci ildəki işğalından sonra ev Ermənistan Silahlı Qüvvələri tərəfindən planlı şəkildə dağıdılıb. İndi vaxtilə çiçəklənən və çox gözəl olan saraydan yalnız yarıdağılmış divarlar qalıb.

Şuşanı ziyarət edən bir qrup əcnəbi jurnalist Xurşidbanu Natavanın evinin hazırda nə vəziyyətdə olması, eləcə də şəhərin digər əsas görməli yerləri ilə tanış olublar.

“Bu regionda olduğum üçün çox xoşbəxtəm. Bu gözəl fürsət və şərəfdir, çünki burada az sayda əcnəbi və jurnalist olub. Şuşada olduğum üçün şadam. Müharibədəki qələbədən sonra yenidənqurma işlərinə başlamaq çox vacibdir. Eləcə də infrastrukturun bərpası ilə yanaşı, həm də insanların ən qısa zamanda buraya qayıdıb yaşaya bilmələrini təmin etmək vacibdir”, - Avropada Perspektiv Təhlil və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Düpuy “Report”a deyib.

Yerli tarixi və dini abidələr sırasında Yuxarı və Aşağı Gövhər ağa məscidləri də var.

Şuşada vaxtilə 17 məscid var idi, ancaq onlar ermənilər tərəfindən dağıdılıb və ya onların içərisində mal-qara saxlanılıb.

Aşağı Gövhər ağa məscidi Şuşa şəhərinin aşağı məhəlləsində yerləşir və 1992-ci ildən yarıdağıdılmış vəziyyətdədir. Şuşanın işğaldan azad edilməsindən sonra onun bərpası üzrə işlərə başlanılıb.

“Çox təəssüf edirəm, həqiqətən ermənilərin məsciddə mal-qara saxlaması məni dəhşətə gətirdi. Cənubi Amerikadan, Braziliyadan gəlmişəm. Biz orada birlikdə yaşayırıq - xristianlar, müsəlmanlar, yəhudilər və buna bənzər şeylə qarşılaşmırıq. Bunun baş verməsi məni şok etdi. Ölkəmizdə həm məscidlər, həm də kilsələr var və biz bir-birimizə hörmət edirik. Bu səbəbdən bunları eşitmək mənim üçün çox kədərlidir. Ermənilər bunu etməməli idilər. Çünki bu, dindir, bir-birimizin inancına hörmət etməliyik. Bu, təkrarlanmamalıdır”, - braziliyalı jurnalist Fabiana Ceyhan bildirib.

Yuxarı Gövhər ağa məscidi artıq təmir edilib. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir. 2020-ci ilin noyabrında Şuşanın işğaldan azad edilməsi ilə 28 ildən sonra ilk dəfə Azərbaycan hərbçiləri orada namaz qılıblar. 2021-ci ilin yanvarında isə Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə məscidi ziyarət edib. Prezident Məkkədən gətirilmiş “Quran” kitabını məscidə hədiyyə edib.

Şuşanı ziyarət edən meksikalı jurnalist, “Canal Once” və ABC telekanallarında aparıcı işləyən Federiko Lamontu ən çox Yuxarı Gövhər ağa məscidi heyran edib. O, burada dua edib.

“Ən çox məscidi ziyarət etmək xoşuma gəldi. Çünki, məsələn, mən katolik, siz müsəlman, başqa birisi aqnostik olsa da, hamımız gözəgörünməz gücə inanırıq və bu inam bizi bu mürəkkəb dünyada irəliyə aparır. Məsciddə dua edərkən Tanrımla danışdım. Ona bəlkə də yaxşı xristian olmadığımı, həyatda çoxlu səhvlər etdyimi dedim, ondan yardım istədim”, - F.Lamont deyib.

Əcnəbi jurnalistlər həmçinin Şuşadakı Qazançı kilsəsini də ziyarət ediblər. Əvvəlcədən bura pravoslav kilsəsi idi, lakin ötən əsrin 90-cı illərin ortalarında şəhəri işğal edən ermənilər onun ilkin görünüşünü dəyişdirərək kilsəyə yeni “sima” veriblər. Kilsə İkinci Qarabağ müharibəsi zamanı top mərmisinin düşməsi nəticəsində ciddi ziyan görüb.

Şəhər işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti bu kilsə də daxil olmaqla, dağıdılan obyektləri bərpa etməyə başlayıb. Hazırda kilsənin atışmalar nəticəsində baş verən dağıntılarının nəticələrinin aradan qaldırılması və əvvəlki görkəminə qaytarılması üzrə işlər aparılır.

“Şuşa şəhəri mənə qədim Havananı xatırlatdı. Nostalji hisslər yaşadım. Şuşa şəhərinin çox gözəl aurası var, bu şəhər mənim üçün gözəl şahzadə kimidir. Bərpa olunduqdan sonra bu şəhərin böyük potensialı var, hamı onun haqqında öyrənəcək və görməyə gələcək. Azərbaycanlılar ənənələrinə hörmət edən çox mənəvi xalqdır və düşünürəm ki, bunu azərbaycanlılardan öyrənməyə dəyər”, - kolumbiyalı jurnalist Roberto Trobaxo söyləyib.

Şuşaya gələn qonaqlar təkrarolunmaz və unikal təbiətə malik əfsanəvi “Cıdır düzü”nə də heyran qalıblar. “Cıdır düzü” məşhur Qarabağ atlarının yarışdığı “at yarışları meydanı”dır. Bu ərazidə yarışlar bir neçə əsr ərzində keçirilib, burada yalnız yerli sakinləri deyil, həmçinin əcnəbilərin diqqətini cəlb edən ən yaxşı Qarabağ atlarını görmək olardı.

Bu gün isə buradan təbiətin əsrarəngiz ruhuna mənzərə açılır, eləcə də Füzuli ilə Şuşanı birləşdirəcək, inşası davam edən Zəfər yolunu seyr etmək olur.

“Şuşa şəhəri çox xoşuma gəldi, xüsusi ab-havası olan dağlıq, çox gözəl yerdir. Mən heyran oldum. Bu torpaq 30 il işğal altında olub və indi şəhəri tam bərpa etmək üçün yenidənqurma işlərinə ehtiyac var. Lakin şəhərin özü çox gözəldir. Düşünürəm ki, Azərbaycan hökuməti bərpa işlərini başa vurduqdan sonra şəhər daha da gözəlləşəcək”, - braziliyalı jurnalist Fabiana Ceyhan bildirib.

Son xəbərlər

Orphus sistemi