Yuxarı

"Sülh şəhəri" Şarm əş-Şeyx - FOTOREPORTAJ

Misirin bu kurort şəhəri son vaxtlar azərbaycanlı turistlər arasında böyük populyarlıq qazanıb

Şarm əş-Şeyx. 4 may. REPORT.AZ/ Hələ Osmanlı Türkiyəsinin vaxtından tanınan Şarm əş-Şeyx nisbətən yaxınlarda populyarlıq qazanıb. "Report" xəbər verir ki, israillilərin Sinay yarımadasını işğal etdiyi 1967-1982-ci illərdə əsası qoyulmuş şəhər ilk vaxtlar Ofira adlanıb, yalnız sonradan ad müasir vəziyyətə düşüb. Bu şəhər hazırda dünya turizminin mərkəzi və beynəlxalq konfransların keçirilməsi üçün populyar yerdir.

Şarm əş-Şeyx uzun müddət elə də önəmli şəhər olmayıb və yalnız Qırmızı dənizdə gəmilərin hərəkətinə, xüsusilə də İsrail tərəfə, nəzarət baxımından strateji nöqtə olub. Amma Misir hökuməti qonaqlarına yalnız çimərlikdə uzanıb özünü günə verməyi təklif edən digər şəhərlərdən fərqli olaraq, bu cənnət guşəsində turizmi inkişaf etdirməməyin səhv olacağını vaxtında anlayıb. Burada fəal istirahət üçün hər cür şərait var: dayvinq, safari, qayayadırmanma və s.

Buranın təbiəti, sadəcə, möhtəşəmdir. Mərcanları və zəngin dəniz həyatı ilə Qırmızı dəniz adamı heyran qoyur. Sadəcə, suya baş vurmaq kifayətdir ki, müxtəlif ölçülü və rəngdə olan yüzlərlə balıq növləri bütün gözəlliyi ilə gözlərin önünə gəlsin. Dənizi sevməyənlər isə kvadrosikllərlə və baqqilərlə səhrada safari həyata keçirə, yerli bədəvilərlə görüşə bilər. Həmçinin burada ekstremal idman növlərinin həvəskarları üçün hər cür şərait var.

"Sülh şəhəri" kimi də tanınan Şarm əş-Şeyx son vaxtlar azərbaycanlı turistlər arasında böyük populyarlıq qazanıb. Ölkələr arasında birbaşa hava əlaqələsinin olmamasıyla əlaqədar onların sayı hazırda elə də çox deyil. Amma Misirin "Egyptair" aviaşirkətinin iyun ayında birbaşa Bakı-Şarm əş-Şeyx reysini açacağını vəd etdiyini nəzərə alsaq, azərbaycanlı turistlərin sayında artım olacağını deyə bilərik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi