Bakı 16 yanvar. REPORT.AZ/ Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar hadisəsindən 27 il ötür. Vətənə azadlığı canları bahasına bəxş edən 20 Yanvar şəhidləri bu illər ərzində milyonlarla ziyarətçinin uğradığı müqəddəs məkana çevrilib.
"Report" xəbər veri ki, Şəhidlər Xiyabanı müqəddəs adı almasının 27-ci ilində də ziyarətçilər üçün hazırlanır. Bura yüzlərlə qərənfilin köməyi ilə al-qırmızı rəngə boyanır.
Xiyabanın hazırlıq işləri yanvarın 19-dək yekunlaşdırılacaq və ziyarətə tam hazır hala gətiriləcək.
Gərgin iş getməsinə baxmayaraq, xiyabana gələn ziyarətçilərin ardı-arası kəsilmir. Yüzlərlə məktəbli, yaşlı, gənc, müxtəlif sənət sahibi insanlar bu müqəddəs ocağa ziyartət üçün üz tutur.
Məktəblilər öz aralarında məzarların üzərində yazılan tarixi müzakirə edir. Bir-birilərinə məlumat verirlər. Burada sanki canlı tarix dərsi keçilir. Onların müəllimləri isə baxışlarını Azərbaycanın yüksəkdə dalğalanan üçrəngli bayrağına dikən şəhidlərdir.
Foto: Elşən Baba