Yuxarı

Qubada alma bağlarına xəstəlik düşüb - VİDEOREPORTAJ

Xəstəlik artıq meyvələrə də öz təsirini göstərib

Quba. 26 may. REPORT.AZ/ Qubanın alma bağlarına xəstəlik düşüb. "Report"un Şimal bürosunun məlumatına görə, xəstəlik artıq meyvələrə də öz təsirini göstərib.

Bağlara düşən xəstəlik mühüm zərərverici qrupları ilə yanaşı, meyvə bağlarına göbələk, bakteriya, virus, mitoplazma, həmçinin funksional və abiotik mənşəli xəstəliklər də böyük iqtisadi zərər vurur. Ancaq havanın rütubətli keçməsi bu xəstəliyi daha da aktivləşdirir.

Fermer Zakir Həsənov bildirib ki, almalar artıq bu virus nəticəsində əyri böyüyəcək və xəstəlik düşən nöqtə inkişafdan dayanacaq: "Göbələk mənşəli xəstəliklərdən dəmgil daha böyük iqtisadi zərərvurmaya malikdir. Xəstəliklə yarpaq, çiçək, zoğ və meyvələr yoluxur. Rütubətli və soyuq keçən yaz aylarında xəstəlik epifitotik hal olaraq məhsulun 85-90%-i, yarpaqların isə 100%-nin yoluxmasına səbəb olur".

Sahibkar Faiq Nəcəfov isə xəstəliklərə qarşı istifadə olunan dərmanların keyfiyyətindən narazı olduğunu bildirib: "Narahat doğuran məqamlardan biri də dərmanların keyfiyyətinin aşağı olmasıdır. Lakin problemlər bununla bitmir. Dərmanların satışında da problemlər yaşanır. Dərman satışına nəzarət olunmur. Əksər dərmanlar isə xarici ölkələrdən idxal olunur və labaratoriyalarda yoxlanılmadan satışa çıxarılır".

Quba Fermer Evinin böyük elmi işçisi Rüfət Məmmədov "Report"a bildirib ki, alma bağlarına düşən xəstəliklərin qarşısını vaxtında almaq olardı: "Dəmgil xəstəliyi asan yoluxan xəstəlikdir. Bu xəstəliyin ilkin əlamətləri ağacın yarpağında daha sonra isə yeni cücərmiş meyvələrdə özünü göstərir. Dərmanlardan düzgün və vaxtında istifadə etməklə bu kimi xəstəlillərin qarşısınbı almaq mümkündür. Xəstəlik geniş yayılanda isə və artıq meyvələrə yoluxarsa qarşısını almaq olmur".

Qeyd edək ki, Şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir. Qalan 30 % isə çiəyirdəkli meyvə bağlarıdır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi