Bakı. 21 yanvar. REPORT.AZ/ Müasir dövrdə aktual problemlərdən biri də abortlardır. Cəmiyyətimizin hələ də köhnə düşüncli insanların “mütləq oğlan olmalıdır” basqısı qadınların abort etdirməsinə gətirib çıxarır. Valideynlər sırf istədikləri cins olmadığından gələcək uşaqdan imtina etməyə hazır olurlar. Bu halda uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni pozulması - selektiv abort halları artır. “Report” mövzu ilə bağlı araşdırma aparıb.
Mama-ginekoloq Rəşad Sultan bildirib ki, bəzi hallarda selektiv abortla ümumi abort qarışdırılır: “Həkim üçün xəstənin dini, irqi baxımından heç bir fərqi yoxdur. Biz insanın həyati təhlükəsi ilə birbaşa üz-üzə qalırıq. Ona görə də bizə görə insanın cinsiyyətinin fərqi yoxdur. İnsanlar başa düşməlidir ki, dünya əhalisinin cinsiyyət nisbətini dəyişmək olmaz. Qız övladı belə sizin övladınızdır. Selektiv abort yolverilməzidir”.
Mama-ginekoloq Turab Canbaxışov həkim olaraq ailələrdə övlad seçimində cins fərqinin şahidi olduqlarını söyləyib: “Çünki çoxuşaqlı ailədə valideynlərin övlad seçimi ilə təbii haqları ola bilər. Biz bəzi şeylərə qanuni icazə verməsək, onda bu, qeyri-qanuni olacaq. Bəllidir ki, 12-ci həftədə körpənin cinsiyyəti məlum olur. Bu müddətdən sonra edilən abortların 80-85 faizi qız uşağı olur. Burada yenə ailələrin istəyi ortaya çıxır. Doğulan uşaqların sayı 5 il əvvəllə müqayisədə indi oğlanlara nisbətdə dəyişib”.
Deputat Musa Quliyev isə deyib ki, bu sahədə qanunvericilikdə boşluq var: “Qanunda nəsə qadağan olunmursa, deməli, ona icazə var. Odur ki, yeni hazırlanan qanun layihəsi xüsusi tibbi göstəriş olmadığı halda, uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılmasını qadağan edəcək. Həmçinin 12-ci həftədən sonra abort olunarsa belə, ailənin istəyinə və sosial göstəricilərə görə deyil, yalnız tibbi göstərişlə olmalıdır. Abort barədə bir həkim yox, konsilium nəticəsində qərar verilməlidir. Qanun qəbul edildikdən sonra bunu pozanlarla bağlı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulacaq. İstənilən halda maarifləndirməyə ehtiyac var”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova vurğulayıb ki, ana bətnində körpənin qız olduğunu bildikdən sonra onun öldürülməsi əsl vəhşilikdir: “Bu, birbaşa qadınlara qarşı zorakılığın təməlini qoyur, həmçinin digər zorakılıq faktları üçün ciddi təməl yaradır. Oğlan uşaqlarının çox olması qız uşaqlarına münasibətdə davranışı formalaşdıra bilmir. Yaxud qızın az olması hansısa mühitdə oğlanlarda daha çox cinsəl maraqları çoxaldır. Təhsilli insanların bu üsula əl atacağını düşünmürəm. Heç dində də belə bir şey yoxdur ki, get övladını öldür”.
Azərbaycanlı ilahiyyatçı - din xadimi Hacı Şahin Həsənli qeyd edib ki, övlad tanrının insana bəxş etdiyi nemətdir: “Hədislərə görə, qız övladı oğlana nisbətən daha üstün hesab edilir. Bunu həyat təcrübəsi də sübut edir. Qız valideynlərə qarşı daha vəfalı olur. Evdə qız uşağı varsa, sevinc daha çox olur. Hədislərdə deyilir ki, üç qız tərbiyə edən insana cənnət vacib olar. Oğlan nemətdirsə, qız rəhmətdir. Bu da Allahın xüsusi hədiyyəsidir. İnsanların cinsə görə övladını öldürməsi vəhşilikdir. Müasir dövrdə bu kimi mövzuların gündəmdən çıxmasına ehtiyac var”.
Klinik psixoloq Lalə Hüseynova bildirib ki, xanımlarda, adətən, birinci abortdan sonra günahkarlıq hissi yaranır: "Onlar düşünürlər ki, "mən öz uşağımı öldürdüm". Günahkarlıq da həmişə eyni formada qalmır. Bu sonradan davranışa öz təsirini göstərir, insan aqressivləşir və sonra bu, intihara qədər gətirib çıxara bilər. Uşaq dünyaya gətirərkən cinsiyyət barədə deyil, onu necə tərbiyə etmək və sağlam şəxsiyyət yetişdirmək düşüncəsi olmalıdır. Oğlanı da dünyaya gətirən bir qadındır. Ona görə də cins fərqi vacib deyil”.
Qeyd edək ki, orta hesabla dünyada 50 saniyədən bir abort edilir.
Video: Rəşad Tuncay