Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün “Qəbələ” futbol klubu Avropa Liqasının qrup mərhələsində IV turun matçını keçirib.
"Report"un məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda ardıcıl 4-cü məğlubiyyətini “Sent-Etyen”lə ev oyununda alıb.
Hərçənd, matçda hesabı meydan sahibləri açıb. Cərimə zərbəsindən sonra Ruslan Qurbanov topu başla qapıdan keçirib. Lakin rəqib fasiləyə saniyələr qalarkən elə cərimə zərbəsindən sonra tarazlığı bərpa edib. Bu epizodda ukraynalı qapıçı Dmitri Bezotosnının səhvi də rol oynayıb. Həmin qoldan az öncə Qriqorçuk baş hakimin qərarına növbəti dəfə etiraz etdiyi üçün “texniki zona”dan kənarlaşdırılıb.
“Qırmızı-qaralar” ikinci hissənin əvvəlində daha bir top buraxıb və 1:2 hesabı ilə uduzub.
Bununla da “Qəbələ”nin qrupdan çıxmayacağı rəsmiləşib. Buna digər oyunda “Anderlext”in “Maynts” üzərində qələbəsi (6:1) də təsir göstərib.
Hazırda "Anderlext" və "Sent Etyen" 8 xalla qrupa başçılıq edir. "Maynts" 5 xala malikdir. "Qəbələ" isə xalsızdır.
"Anderlext" (Belçika) - "Mayts" (Almaniya) - 6:1