Yuxarı

Qazaxıstanın ALJİR-i - keçmişin sədası - FOTOREPORTAJ

Keçmiş düşərgənin ərazisində Azərbaycan xalqının bu düşərgə qurbanlarının heç zaman unutmayacağı yazılan xatirə lövhəsi var

Bakı. 28 aprel. REPORT.AZ/ Ən gözəl və sürətlə inkişaf edən şəhərlərdən birinin cəmi 30 kilometrliyində postsovet məkanının ən qaranlıq və hazırda da insanları vahiməyə salan ərazilərdən biri yerləşir. 

Burada, Akmol kəndinin (eləcə də Malinovka deyirlər) ərazisində 1937-1953-cü illərdə -  Stalin repressiyalarının dəhşətli illərində vətən xainlərinin qadınlarının saxlandığı Akmol düşərgəsi (ALJİR) yerləşib. Bura bütün SSRİ-dən XDİK (NKVD) tərəfindən o dövrün ən ağır ittihamlarından biri -SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsi olan vətənə xəyanətdə günahlandırılan şəxslərin həyat yoldaşları, bacıları, anaları saxlanılırdı.

Bütün fəaliyyət dövrü ərzində düşərgədə 18 000 qadın məhbus həyatı yaşayıb. ALJİR-də keçən hər gün olduqca dözülməz olub. İlk dustaqlar bura 1938-ci ilin yanvarında xüsusi vaqonlarda gətirilib. Həmin vaqonlara 70 nəfər yerləşirdi. XDİK  (Xalq Daxili İşlər Komissarlığı) bura vətən xainlərinin qadın qohumlarını aldadaraq və onlara doğmaları ilə görüşəcəklərini vəd edərək, gətirirdi. Buna görə bir çoxları bura təmtəraqlı geyimdə gəlirdi. Onlardan çox az insan qarşılaşacaqları "sürprizdən" xəbərdar idilər. 

Qadınlar ilk günlərdən düşərgənin bütün ağrı-acısını üzərlərində hiss edirdilər. 

Qeyd etmək lazımdır ki, bura əsasən vətənə xəyanətdə ittiham olunan o dövrün məşhur adamlarının qadınlarını gətirirdilər. Həmin düşərgədə dünya şöhrətli balerina Maya Plisetskayanın anası - Rəhimə Plisetskaya, eləcə də bir çox məşhur şairə və aktrisalar olub. Onlar burada özləri üçün samandan barak, eləcə də geyim tikirdilər. Qadınların məruz qaldıqları işgəncələr insanlığa sığmayan işgəncələr idi. Bir çoxları ağıllarını itirir və ya intihar edirdilər. ALJİR ərazisində krematorinin olmadığı düşərgələrdən biri idi. Düşərgənin rəhbərliyi hesab edirdi ki, Qazaxıstanın ərazisi çoxdur və ölənləri kütləvi şəkildə qardaş məzarlığında basdırmaq olar. Ölənlərin və sağ qalanların sənədlərin kifayət qədər  olmaması səbəbindən dəqiq sayı məlum deyil.

Düşərgədə həmçinin azərbaycanlılar da cəza çəkib. Keçmiş düşərgənin ərazisində Azərbaycan xalqının bu düşərgənin qurbanlarını heç zaman unutmayacağı yazılan xatirə lövhəsi var.

Bu gün ALJİR muzey kimi fəaliyyət göstərir və Stalin repressiyaları haqqında bir xatırlatmadır. Muzeyə girişdə 2007-ci ildə Nursultan Nazarbayev tərəfindən açılan "Qəm alaqapısı" yerləşir. N.Nazarbayev 1993-cü ildə həmin düşərgənin bütün qurbanlarına bəraət verilməsinə dair fərman imzalayıb. 

Bu gün həmin ərazinin digərlərindən heç bir fərqinin olmamasına baxmayaraq, buranın pis, gəmgin bir yer olmasını ərazidə yuva quran çoxsaylı qarğaların mövcudluğu təsdiq edir. Qarğalar sanki burada nə qədər çox qanın axıdılmasını, SSRİ ziyalılarının bir çox görkəmli qadınlarının dəfn olunduğu bu torpaqlarda nə dərəcədə çox qəm və kədərin cəmləndiyini hiss edirlər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi