UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Qazaxıstan "Kayrat"ı arasında keçiriləcək oyun üçün Tofiq Bəhramov adına Respublika stadionunda işlər yekunlaşır.
Bu barədə “Report”a məlumat verən stadionun direktoru Şamil Quliyev bildirib ki, meydanın ot örtüyü ideal vəziyyətə gətirilib, azarkeşlər üçün nəzərdə tutulan oturacaqlar təmizlənib.
“Stadion oyuna tam hazırdır. Demək olar ki, işlər bitib, hazırda son tamamlamalar həyata keçirlir. Quliyevin sözlərinə görə, hava şəraiti ilə əlaqədar ot örtüyü bərpa olunub: "Bəzi saralmış yerlərə toxum səpilib, dərmanlar və gübrələr həmişə olduğu kimi verilib, aqrotexniki qaydada digər lazımi qulluq göstərilib”.
Stadionun direktoru bildirib ki, Respublika stadionunda keçiriləcək oyunda koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş buraxılacaq: “Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb. Pandemiya ilə bağlı olaraq bütün oturacaqlar nişanlanıb və dezinfeksiya edilib. Elə hesab edirəm ki, oyun maraqlı olacaq, “Qarabağ” öz qələbəsi ilə bizi sevindirəcək”.
Arenanın çölündəki kassalar önündə isə növbələr müşahidə olunub. Azarkeşlər "Report"a açıqlamasında oyunun maraqlı alınacağına və "Qarabağ"ın qələbə qazanacağına inandıqlarını bildirirlər.
Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlanacaq.
Video: Mircavid Eminoğlu
Montaj: Məhəmməd Ağayev