Bakı. 26 may. REPORT.AZ/ Bu gün çox az adam tapılar ki, Polşanın Veliçka şəhərinin adı ona nə isə xatırlatsın, lakin duz mədəni dedikdə, hamı onun haqqında eşitdiyini deyəcək.
Bu gün mədən 7 səviyyə yerin altına uzanan 6 şaxtalar şəbəkəsindən ibarətdir. Şaxtanın ən dərin yeri 335 metr dərinlikdədir, qalereyanın ümumi uzunluğu isə təxminən 300 km-dir. Turistlər üçün isə yalnız 3 səviyyə açıqdır, lakin bu da kifayət edir ki, insanı valeh etsin.
15 mln. il bundan əvvəl müasir Polşanın ərazisində miosen dənizi olub. İqlim dəyişməsi və buradakı suyun buxarlanması ərazidə duzlaqların yaranmasına gətirib çıxarıb. Lakin insanların burada duz aşkar etmələrinin tarixi, daha doğrusu əfsanəsi daha maraqlıdır. Bu əfsanəyə görə, macar şahzadəsi Kinqa Krakovdan olan kral V Boleslava ərə getməli idi. Ərə gedərkən Kinqa atası - kral Beldən ona cehiz olaraq o zamanlar qızıl dəyərində olan duz şaxtasını hədiyyə etməsini xahiş edib. Ata sevimli qızının arzusunu yerinə yetirib, lakin şahzadə cehizini özü ilə apara bilməzdi. Onda o, öz üzüyünü şaxtaya atır və Krakova yola düşür. Lakin şəhərə çatmamış, o, öz qulluqçularına quyu qazmağı əmr edir və orada duz tapır. Bundan başqa, orada qazıntı aparan qulluqçular onun Macarıstanda atdığı üzüyünü də tapırlar. O zamandan Polşa varlı ölkəyə çevrilir, aşkar olunan duz isə ölkənin çiçəklənməsinə imkan verir. Hazırda Kinqa müqəddəs hesab olunaraq, şaxtaçıların himayəçisi sayılır.
Bu gün duz qızıl qədər qiymətli olmasa da, hazırda burada dəyərli olan turistlərdir. Onlar üçün ərazidə bütün şərait yaradılıb, turistlər şaxtada gəzə, tamamilə mikrobların olmadığı təmiz hava ilə nəfəs ala, özünü mədən fəhləsi kimi hiss edə və özü üçün bir qədər duz əldə edə bilərlər. Turistlər xüsusi sanatoriyada 1 həftə qala bilərlər və bu onlara 1800 Polşa zlotı məbləğinə başa gələcək (təxminən 515 manat).
Lakin şaxta yalnız buna görə maraqlı deyil. Burada müqəddəs Kinqanın adını daşıyan dünyanın ən dərin kilsələrindən biri yerləşir. Burada hətta toylar və digət mərasimlər də keçirilir. Yeri gəlmişkən, cavanlığında həmin şaxtada gələcək Roma papası II İoann Pavel də çalışıb. Burada işləyən fəhlələr şaxtada onun duzdan heykəlini ucaldıblar.
Bu ərazidə, həmçinin yeraltı göllər də var. Onların duzluluq dərəcəsi Ölü dəniz ilə müqayisə oluna bilər.
Bu şaxtanın bütün möcüzələrini sadalamaq üçün 1 kağız vərəqi kifayət etməz. Burada çox sayda heykəl, müxtəlif dağ strukturları, kilsə var, çünki şaxtaçılar çox dindar insanlardır və onlar hər gün şaxtaya enmək məcburiyyətində olublar.