Metro qatarlarının “ev”indən - FOTOREPORTAJ

Metro qatarlarının “ev”indən - FOTOREPORTAJ “Report”un əməkdaşları Bakı Metropoliteninin sirli sahəsini kəşf etməyə çalışıblar
Multimedia
19 Dekabr , 2017 15:32
Metro qatarlarının “ev”indən - FOTOREPORTAJ
Report/ Firi Salim

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı Metropoliteninin “Nərimanov” elektrik deposunu "metropoliten vaqonlarının evi" də adlandıra bilərik. Əgər 4 saatlıq fasiləni nəzərə almasaq, bütün gün ərzində şütüyən qatarların dincəldiyi, müayinə və müalicə olunduğu yerdir. Hər dəfə sərnişinlər “Qatar depoya gedir” sözlərini eşitdikdə əhvalları pozulur. Amma sərnişinlərin özləri kimi, qatarların da "istirahət"ə, qulluğa ehtiyacı var. Beləliklə, Reportun əməkdaşları “Nərimanov” elektrik deposunda olub, Bakı Metropoliteninin sirli sahəsini kəşf etməyə çalışıblar. 

Ümumilikdə, burada depolar üzrə iş departamenti, hərəkət qatarlarının istismarı üzrə iş departamenti, nəqliyyat və xüsusi texnika departamentinin avtomotonəqliyyat kolonu, diaqnostika və metroloji təminat mərkəzi, yol, tunel qurğuları, elektromexanika, əsaslı təmir, elektrik təchizatı xidmətləri, birləşmiş emalatxana və digər müvafiq struktur bölmələr yerləşir.

1967-ci il noyabrın 6-da Bakı metrosu istismara verilərkən vaqonların sayı 50 idi, hazırda isə metropolitendə 280 vaqon var. Qatarın rəvan, təhlükəsiz işi vaqonların saz vəziyyətdə olması ilə bitmir. Maşinistin peşəkarlığı, bilik və bacarığının artırılması məqsədilə “Nərimanov” elektrik deposunun texniki kabinetindəki maşinist trenajorunun yeni proqramla təmin edilərək qiymətləndirmənin avtomatlaşdırılması da obyektivliyin və kadr hazırlığının optimal həddə çatdırılmasında mühüm rol oynayır. Maşinist və maşinist köməkçisi hər ay ən azı bir dəfə təlimatçı maşinistin nəzarəti altında vaqon trenajordan istifadə etməklə bilik və bacarıqlarını zənginləşdirirlər. 

Sərnişinlər vaxtının çox hissəsini platformada deyil, məhz qatarda keçirirlər. Bu səbəbdən metropolitenin depolar üzrə iş departamenti vaqonların texniki xidmətləri və cari təmirlərini həyata keçirməklə hərəkətin təhlükəsizliyini təmin edir, sərnişindaşınma xidmətinin keyfiyyətinin daha da artırılması üçün lazımi tədbirlər görür. Əgər əvvəllər 113 adda mexaniki təmir detalı və qovşaqlar metropolitenə kənardan gətirilirdisə, son üç ildə onların sayı 18-ə qədər endirilib. Hazırda metropolitendə istifadə olunan 92 təmir detalı və qovşaqdan 56-sı mexaniki təmir sexlərində, 36-sı isə birləşmiş emalatxanalarda hazırlanır. 

Depodakı əsas yeniliklərdən biri də müasir tələblərə cavab verən əsaslı təmir sexidir. Texniki baxış və təmir normalarına 3 mərhələdən ibarət texniki xidmət və cari təmir, həmçinin orta təmir daxildir. Sexdə vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetirilir. Digər sahələrdə vaqonların antikorroziya tədbirlərinin görülməsi üçün qumla təmizlənməsi və emalı, vaqonaltının yuyulması, rənglənməsi ən müasir texniki tələblər səviyyəsində qurulub. Ən əsası, sexdə təkcə qatarların əsaslı təmiri deyil, həmçinin müasir tələblərə uyğun modernləşdirilmə tədbirləri də həyata keçiriləcək. 

Metropolitenin "kiçik zavodu" sayılan birləşmiş emalatxanalar qeyri-standart avadanlıq və məhsulların istehsalı, eskalatorların əsaslı təmiri sahəsində böyük təcrübəyə malikdir. Buraya vaqon təmirçiləri üçün detallardan tutmuş fəhlə paltarı dolablarına qədər, standart və qeyri-standart məmulatlar, qurğular və mürəkkəb konstruksiyalar daxildir. 

“Nərimanov” elektrik deposunun park yollarında qatarların təmirdən sonrakı sınaqlarının təşkili üçün müvafiq yolun salınması da son illərin ən uğurlu layihələrindən biridir. Uzunluğu 800 m-ə bərabər sınaq yolunun və ona paralel yolun 260 m uzunluğunda dayanma yolu var. Hazırda sınaq yolunun tikintisi davam edir və inşaatda istifadə olunan beton şpalları “Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsi təmin edir. 

Bakıda yeraltı polad magistralların tarixi üçün ən əhəmiyyətli hadisələrdən biri metropoliten infrastrukturunun ilk çoxfunksiyalı diaqnostika kompleksinin istismara verilməsidir. Diaqnostika kompleksi yollarda müxtəlif sahələrə aid infrastrukturun qiymətləndirilməsində ən əhəmiyyətli vasitələrdən birinə çevrilməklə, etibarlığı və təhlükəsizliyi yüksəltməyə, eləcə də sərnişinin rahatlığını və işin məhsuldarlığını artırmağa xeyli təsir göstərir. Diaqnostika kompleksinin tərkibində metrologiya laboratoriyası, korroziyadan mühafizə laboratoriyası, mikroiqlim laboratoriyası, sürtkü yağlarının fiziki-kimyəvi analizləri laboratoriyası, istehsalat-sınaq laboratoriyası (dəmir-beton konstruksiyaları istehsalatı sahəsində yerləşir), mühafizə vasitələrinin laboratoriyası, defektoskopiya şöbəsi, çoxfunksiyalı diaqnostika kompleksi fəaliyyət göstərir. 

Depo qanovlarının, eləcə də təmir sexi və inzibati binanın dam örtüyünün tamamilə yenilənməsi depoda genişmiqyaslı yenidənqurma təmir işlərinin başlanğıcı olub.

İşə münasibətin dəyişməsi həlledici rol oynayaraq, kollektivdə möhkəm təməl yaradıb. İlk növbədə, işin keyfiyyətinə nəzarət gücləndirilib. Əmək bölgüsü və prinsipləri, nizam-intizam məsələləri, iş qrafiki və növbələr, baxış və təmir qaydaları yeni əsaslarla qurulub.

Depo ərazisində metropolitençilərin istirahəti üçün hərtərəfli şərait yaradılıb. Orijinal fəvvarələr həmin istirahət ocağındakı möhtəşəm gözəlliyi məntiqi şəkildə tamamlayır. Deponun birinci girişində “Bakmil” stansiyasına doğru uzanan yolun kənarında yaradılan üçcərgəli və üstüörtülü yeni parkinq də işçilərin karına gəlir. Burada avtomobillərin saxlanması pulsuzdur. “Nərimanov” deposundakı idman meydançaları, eləcə də sağlamlıq mərkəzi işçilərin böyük həvəslə üz tutduqları məkanlardandır. Burada rus və fin hamamları, xüsusi nəzarətdə saxlanan hovuz, trenajorlarla təchiz edilmiş idman salonu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi