Yuxarı

Məktəbli ləvazimatları neçəyədir? - SİYAHI

Qiymətlər 30 faiz bahalaşıb

Bakı. 25 avqust. REPORT.AZ/ Yeni dərs ilinin başlanmasına cəmi 20 gün qalsa da, məktəblilər üçün lazım olan ləvazimatların satıldığı mağazalarda alıcılar gözə dəymir. Mağaza sahiblərinin sözlərinə görə, hər il bu zamanlarda kifayət qədər alıcı olsa da, hazırda müştəri sarıdan qıtlıqdır.

"Report"un əməkdaşları dərs ili ərəfəsində şagirdlər üçün lazım olan ləvazimatların satıldığı bəzi mağazalarda olub, qiymətlərlə maraqlanıb.

Qiymətlər 30 faiz bahalaşıb

Daxil olduğumuz ilk mağazada 3-4 nəfər satıcı var idi. Satıcı Murad Səfərov deyir ki, beş ildir bu sahədə çalışır, amma birinci dəfədir dərs ili ərəfəsində bu cür alıcı qıtlığının şahidi olur: "Hər il bu vaxtlar müştəri çox olurdu. Qiymətlərin qalxması alıcıları azaldıb. Bir sıra zəruri malların qiymətində 30-40 faiz bahalaşma var və proses davam edir. I və II siniflər üçün hazırlıq dəftərləri, test kitabçaları, riyaziyyatdan didaktik materiallar, dəftər, qələm, xətkeş və sairin qiymətlərində azı 30 faiz bahalaşama var. Məsələn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərc etdiyi İngilis dili vəsaitinin qiyməti 6 manatdan 8 manata yüksəlib. Əvvəl 2 manata satılan karandaş qutusu hazırda 3 manat 50 qəpiyə yüksəlib. A4 kağızı ötən il 3 manat 50 qəpiyə satılırdısa, hazırda 5 manat 50 qəpik olub. Qiyməti ən az artan ötən il 1 manata satılan gündəliklərdir ki, bu il 1 manat 30 qəpik olub".

Satıcının dediyinə görə, keçən il 40 manata satılan məktəbli çantalarının qiyməti dolların bahalaşması səbəbindən 65-70 manata satılmalıdır: "Bu qiymətə alan olmayacaq. Ona görə də çanta və digər bəzi mallar hələ ki, əvvəlki qiymətlərə satılır".

Mağazalarda rastımıza çıxan ən ucuz çantaların qiyməti 10 və 20 manatdan başlayırdı. Bu çantalar isə həddən artıq bərk materialdan olduğu üçün alıcıları qane etmir. Satıcı deyir ki, əvvəlki illərdə valideynlər daha çox 40-50 manatlıq çantalara üstünlük verirdilər. Hazırda həmin çantalar 70-80 manata başa gəldiyindən sahibkarlar daha ucuzlarını gətirməyə çalışır.

Bir uşaq üçün xərc: 100-150 manat

Gəzdiyimiz bütün mağazalarda qiymət artımlarının şahidi olduq. Çantalarda 5-10 manat, dəftərlərdə 30-40 qəpik qiymət fərqi yaranıb. Satıcılar deyir ki, bir uşaq üçün bütün məktəb ləvazimatlarını almaq valideynlərə 100-150 manata başa gəlir (bura məktəbli forması daxil deyil).

Əli Quliyev adlı sahibkar isə qiymətlərdə dəyişikliyin bəzi mallarda 60-65 faiz, bəzilərində 20 faiz olduğunu bildirdi. Kağız məhsulları 20-25, plastilin, qayçı və s. ləvazimatlarda 60 faiz artım olduğunu dedi: "Keçən il 10 manat olan çantalar bu il 16 manata olub".

Valideyn Samir Məmmədov deyir ki, mağazaya lazım olan əşyaların qiymətinə baxmaq üçün gəlib. Hesablayıb bu qənaətə gəlib ki, orta keyfiyyətdə olan mallar alsa, bir uşaq üçün 70-80, daha keyfiyyətli ləvazimatlar üçün 100-150 manat xərcləməli olacaq.

Daha ucuz yerlər də var

"28 May keçid" ticarət mərkəzində qiymətlər daha ucuzdur. Satıcı Zaur Ələsgərov qiymətləri sabit saxlamalarına baxmayaraq, müştərilərin azaldığını dedi: "Hər il bu vaxtlar sıxlıq olurdu. Bizdə qiymət artımı demək olar ki, olmayıb. Qiymətləri cüzi dəyişikliklərlə tənzimləməyə çalışırıq. Ötən ildən qalan malların qiymətlərində dəyişiklik etməmişik. Yeni gələn mallarda fərq var. Məsələn, burdan ibtidai sinif şagirdləri üçün keyfiyyətli mallar almaq 80 manata başa gəlir".

Satıcı həm də onu dedi ki, Almaniya istesalı olan bir qutu karandaş 10 manatadırsa, Çin istehsalı olan eyni məhsul 1 manat 50 qəpiyə, daha bahalısı 3 manatadır.

Əli adlı valideyn iki övladına alacağı ləvazimatları qiymətlərini müəyyənləşdirmək üçün əlində siyahı ilə gəlmişdi. Deyir ki, dəftər, kitab üzü, albom, gündəlik, qələm, qələm qabı, pərgar və s. almaq üçün qiymətlərə baxır: "Baxdım, bir uşaq üçün ən azı 70-80 manat lazım olacaq".

Foto: Elşən Baba

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi