Laçın sakini: “Torpaq həsrəti ilə keçən 30 ili yaşanmamış hesab edirəm” - REPORTAJ

Laçın sakini: “Torpaq həsrəti ilə keçən 30 ili yaşanmamış hesab edirəm” - REPORTAJ Onlar düz otuz ildir bağrı yanıq, köksündə dağ boyda Vətən həsrəti ilə bu günü gözləyiblər.
Multimedia
27 Avqust , 2022 14:00
Laçın sakini: “Torpaq həsrəti ilə keçən 30 ili yaşanmamış hesab edirəm” - REPORTAJ

Onlar düz otuz ildir bağrı yanıq, köksündə dağ boyda Vətən həsrəti ilə bu günü gözləyiblər. "Ay Laçın", "Can Laçın" deyərək illərdir bu günün həsrətini çəkiblər.

Söhbət Mərdanovlar ailəsindən gedir. Mərdanovlar ailəsi torpaqlarımız işğal olunana qədər Laçın şəhərində yaşayıb. İndi isə ayrılığa birdəfəlik son qoyulduğu gündür. Çünki ordumuz Laçın şəhərinə, Zabux və Sus kəndinə yerləşib. Artıq bayrağımız Laçın şəhərində qürurla dalğalanır.

"Report" olaraq Laçın sevincini bölüşmək üçün Mərdanovlar ailəsinin evinə yollanırıq.

Bizi binanın həyətində ailənin böyüyü Zahid Mərdanov qarşılayır. Ona gözaydınlığı verib evlərinə qalxırıq. Qapıdan içəri daxil olan kimi Zahid Mərdanovun oğlu Savalan Mərdanov "xoş gəlmisiniz, o gün olsun Laçında evimizə qonaq gələsiniz", - deyib şadyanalıqla bizi salamlayır.

İçəri daxil olan kimi şıltaq hərəkətləri ilə diqqətimizi çəkən azyaşlı Rəvan "bilirsiniz, biz Laçına gedəcəyik, Zahid babam məni evimizə aparacaq. Babamgil eskiden (Türkiyə türkcəsində danışır) yəni əvvəllər orada yaşayıb" deyir.

Zahid müəllim nəvəsi Rəvanın sözünə əlavə edərək “inşallah, çox yaxında onu evimizə aparacağam” deyir və 30 il əvvəl Laçından didərgin düşdükləri zamanı xatırlayır: "Mən o zamanlar Laçında bankda fəaliyyət göstərirdim. Orada çox xoşbəxt ailəmiz, yaxşı evimiz var idi. Uşaqlarımız hələ yenicə böyüməyə başlayırdı. Böyük oğlumun 15, ortancılın 14, kiçik oğlumun isə 10 iki yaşı vardı. Heç vaxt ağlıma gəlməzdi ki, biz nə vaxtsa ev-eşiyimizdən ayrı düşəcəyik. Nəinki mən, heç kim bu haqda düşünmürdü (kövrəlir)”.

Söhbətimizin bu yerində Zahid müəllimin həyat yoldaşı Bilqeys Ağalarova da bizə qoşulur: “Biz düz 30 il idi ki, bu günü gözləyirdik. Sizi inandırım, biz bu 30 ili yaşamadıq. Mən ötən bu illəri yaşanmamış hesab edirəm. Doğrudur, nə ac qaldıq, nə susuz, kənd, şəhər fərq etmədən hara getdiksə, bizə orada qucaq açdılar. Hər şeyimiz oldu, bir tək yuvamız olmadı. O vaxt ki, biz öz evimizdən, torpağımızdan ayrı düşdük, elə bilirəm ki, biz o illəri yaşamadıq. Oradan çıxanda mənim 39 yaşım var idi, indi isə 69 yaşım var. Onda atalı-analı, bacılı-qardaşlı idik. Amma təəssüf ki, indi onların böyük əksəriyyəti yoxdur. Mən ən çox ona heyifsilənirəm ki, onlar bu günü görə bilmədilər. Onlar torpaq, Vətən həsrəti ilə bu dünyadan köçdülər. Kaş ki, bu günü görmək onlara da nəsib olardı. Amma mən əminəm ki, bu gün onların ruhu şaddır, bu gün baş verənlərdən, torpaqlarımızın yağılardan təmizlənməsindən xəbərdardırlar. Biz bu gün çox sevincliyik. Bu sevinc hissini bizə yaşatdığına görə Azərbaycan Ordusuna, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Allahdan torpaq, Vətən üçün canından keçmiş şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə şəfa, uzun ömür, cansağlığı arzulayıram".

Birdən Bilqeys xanım arxaya çevrilib, şkafın üstündə düzülmüş kitabları göstərir: “Qızım, bu kitabları görürsünüz?! Hər birisi Vətən həsrətindən, 30 il qayğı ilə keçmiş günlərdən yazılmış kitablardır. Elə biri, çoxlarının tanıdığı, mərhum qohumum Əli Əliyevin mühasirə həyatından bəhs edən kitabdır. Əli Əliyevlə mən Laçının Oğuldərə kəndindənik. Onlar 54 gün erməni mühasirəsində qalıblar. Çox çətin günlərdən keçiblər. “54 gün erməni mühasirəsində” kitabı da həmin günlərin ağrısından, acısından, baş verənlərdən qələmə alınıb. Bu həsrəti, bu kədəri yalnız yaşayanlar bilər. Bir neçə il əvvəl Türkiyədə olanda yaşlı bir azərbaycanlı kişi ilə həmsöhbət olmuşdum. Çox yaşlı idi, təxminən, 80-ə yaxın yaşı olardı. Kişinin Vətən həsrətindən danışarkən dediyi sözlər ölənə qədər ağlımdan çıxmaz. O mənə dedi ki, bala, daş düşdüyü yerdə güclü olur, elə ki, o yerindən uzaq düşür, onda həmin daş yonulub, parçalana bilir. 30 il idi biz gücsüz idik. Şükür bu günə artıq o gücümüz yerinə qayıtdı. Torpaqlarımız işğaldan azad edilib və biz çox yaxın zamanda öz evimizə, torpağımıza geri dönəcəyik”.

Zahid müəllim yenidən söhbətimizə qoşulur. Bildirir ki, iyun ayında 30 ildən sonra yenidən ata-baba torpağına, Qarabağa səfər edib: “Qızım, bu gün çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur, baxmayaraq ki, illərdir köçkün həyatı yaşamışıq. Elə ki, o torpaqlara ayaq basdım, yaşadığımız çətin günlərin hər birini unutdum. İndi tək istəyim bundan sonrakı ömrümü orada yaşamaqdır. Mən əminəm ki, Laçın yenidən abad olacaq, hətta əvvəlkindən daha gözəl bir şəhərə çevriləcək və biz daimi olaraq öz əzəli ata-baba yurdumuzda yaşayacağıq”.

Zahid müəllimin oğlu Savalan Mərdanovun 42 yaşı var. Laçından qaçqın düşəndə altıncı sinifdə oxuyurmuş. İndi Laçına qayıdacağı günü səbirsizliklə gözləyir: “Laçına qayıdacağım günü səbirsizliklə gözləyirəm. Qaçqınlıq həyatı çox ağırdır. Mənim oradan çıxanda 12 yaşım olub. Oradan-ora köçmək, şəhər, kənd dolaşmaq, 11-ci sinifi bitirənə qədər 16 məktəb dəyişmək, yaşadığımız çətin günləri yəqin ki, az da olsa ifadə edir. Laçında keçən günlərimizi heç vaxt unutmuram. Oradakı sinif yoldaşlarımla hələ də əlaqələrimiz var. Danışmışıq ki, Laçına gedəndə mütləq oxuduğumuz məktəbə baş çəkib oranı ziyarət edəcəyik. Bu gün çox sevincliyəm. İnanırdım ki, biz mütləq yenidən o torpaqlara qayıdacağıq və Azərbaycan bayrağı Laçında yenidən, əbədi dalğalanacaq. Qələbəmiz daimidir. Bu günləri bizə yaşadan ölkə başçımıza, ordumuza təşəkkür edirəm. Azərbaycan xalqına hər zaman belə gözəl günlər arzu edirəm”.

Sonda Zahid müəllim növbəti söhbətimizin Laçında, elə öz evlərində olmasını arzu edir. Biz də onun bu arzusuna məmnuniyyətlə qatılır, növbəti görüşün məhz Laçında Mərdanovların 30 il əvvəl ayrıldığı evində olmasını diləyərək sağollaşırıq.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi