"Bizim aktrisalar filmdə gözəl görünməməkdən çox qorxurlar"
"Filmdə danışıq dilindən istifadə etmək səmimilik əlaməti deyil"
Dünyanın 10 ölkəsində filmə çəkilən aktyor Kamran Ağabalayevin doğum günüdür. Bu gün sənətçinin 43 yaşı tamam olur.
K.Ağabalayevin “Report”a müsahibəsini təqdim edirik:
- Doğum günləri sizin üçün nə ifadə edir?
- Mənim üçün sadəcə bir rəqəmdir. Bu gün 43 yaşım tamam olur və mən 3 rəqəmini sevirəm. Ümumiyyətlə, həyatımızın rəqəmlərdən ibarət olduğunu bilirəm. Doğum günümü qeyd etməyə gələndə isə anam sağ olanda, bəli, qeyd edirdik, anam dünyasını dəyişdikdən sonra isə maraqlı deyil.
- İxtisasca hüquqşünassınız. Hüquq fakültəsinə qəbul olmağınızın tarixçəsi necədir?
- Bəli, ixtisasca hüquqşünasam. Bu anamın arzusu olub. Əslində tam olaraq o da deyildi, onun istəyi şərqşünaslıq fakültəsini bitirməyim idi. Çünki mən məktəbi fars dilində bitirmişəm. Sonradan qarşılıqlı şəkildə razılaşdıq ki, hüquqşünaslıq ixtisası ola bilər. Anamın arzusunu reallaşdırdığım üçün peşman deyiləm. Yenə olsa bir daha eyni qərarı verərdim, anaların arzusu mütləq həyata keçməlidir. Özüm heç vaxt hüquqşünas olmaq istəməmişəm, amma nə yaxşı ki, anam mənim üçün bunu seçib. Təxminən bir ilə yaxın vəkil kimi çalışmışam. Məncə, yaxşı vəkil yaxşı aktyor deməkdir. Yaxşı vəkil elə yaxşı aktyor olmalıdır.
- İranda aktyorluq təhsili almısınız. İran aktyorluq məktəbindən nələri öyrənmisiniz?
- Bildiklərimin daha çoxunu elə İranda öyrənmişəm. Çünki İran aktyorluq məktəbi çox böyük məktəbdir. Bu məktəb həddindən artıq səmimiliyin üzərində qurulub. Ona görə də bu gün A kateqoriyaları film festivallarının hamısında İran filmi ən yaxşı nominasiyalarda qalib olur.
- Dünyanın 10 ölkəsində filmə çəkilmisiniz. Azərbaycanda bu sahədə ən böyük problem nədir?
- Ən böyük problem hekayədir, insan hekayələrini təsvir etmək. Əslində ətrafımızda insan hekayələri doludur. Bu hekayələrə necə yanaşmalıyıq sualını isə özümüzə mütləq verməliyik. Hekayə insan haqqında olmalıdır. Film insan problemlərini qabartmalıdır. Çünki dünya insan üçün yaranıb.
- Yəni insan hekayələrini duya bilmirik?
- Bu problem yəqin ki, hamımızda var, yaxud müəyyən səddlər var. Ona görə mən daha çox müstəqil kinematoqrafiyanın tərəfdarıyam.
- Film çəkilişləri zamanı aktyora nə mane olur?
- Məsələn Taleh Yüzbəyova siqaret çəkmək mane olur. Məsələn mən sevmirəm ki, bir filmə, bir rola diqqətimi toplayanda və bir rolu düşünürkən kimsə gəlib mənasız suallar verib, necəsən, nə var, nə yox səninlə şəkil çəkdirmək olarmı desin. Bəli, bu kimi məsələlər çəkilişlərə bir az mane olur. Yəni, sən belə olduğu halda haradasa özün qoyduğun o çərçivədən bir az çıxmalı olursan və o çərçivədən çıxmaq heç də rahat olmur. Amma xaricdə çox rahatdır, heç kim gəlib sənə o sualı vermir.
- Dörd il əvvəl müsahibənizdə demisiniz ki, Azərbaycanda aktyorluq sənətinə o qədər də ciddi yanaşmırlar. Yenə də eyni fikirdəsiniz?
- İndi artıq iki dırnaq var. Aktyor və kinematoqrafiya çox önəmli silahdır. Bu çox önəmli silahdan isə düzgün şəkildə istifadə edilmir. Bizim misal üçün Rasim Cəfər kimi, Hikmət Rəhimov kimi yaxşı aktyorlarımız var. Amma gəlin görək lazımi diqqət göstərilirmi?. Deyəndə cavab verirlər ki, niyə aktyora diqqət göstərməliyik?! Diqqət göstərilməlidir, çünki siz bizə baxırsınız, bizi görürsünüz. Bəli, bu aktyorun özündən də asılıdır, bizdə bəzi aktyorlar gözləyirlər ki, kimsə gəlib onların qapılarını döyüb səni gözləyirik gəl bu filmdə çəkil deyəcək. Belə şey olmur, aktyor öz üzərində işləməlidir. Aktyor özü özünün həm də marketoloqu olmalıdır. Bütün dünyada film çəkilir. Mən dünyanın 10 ölkəsində filmə çəkilmişəmsə, deməli bunun üçün nələrsə etmişəm. Bəli, burada "day-day" prinsipi var. Bunu hamı bilir ki, nə qədər axmaq prinsnip olsa da bu var. Niyə axmaq prinsipdir onu da deyim?. Çünki sən bu prinsiplə ortaya yaxşı film çıxara bilməzsən. Ən yaxşılar hər zaman ən yaxşıların yanında olmalıdır.
- Qohumluq əlaqələri bu işdə nə qədər rol oynayır, daha aydın desək kiminsə tanışı kimi bu sahədə uğurlu iş təqdim etmək olar?
- Sırıya bilirlər. Tamaşaçıda elə zövq formalaşdırılır. O da ətrafına baxır və düşünür ki, bəlkə problem məndədir. Biz bu gün filmdə adi danışıq dilindən istifadə edəndə deyirlər ki, necə səmimidirlər. Xeyr, bu belə deyil. Ekran əsərində danışıq dilindən istifadə etmək səmimilik əlaməti deyil. Bunu da tamaşaçıya sırıyıblar. Yaxud da deyirlər ki, kiminsə diksiyasi düzgün deyil. Yəni həyatda elə danışan insanlar yoxdur. Bizim aktrisalar filmdə gözəl görünməməkdən çox qorxurlar. Məgər hər kəs yuxudan makyajla oyanır? Həyatınızda olan şeyləri verin də. Hətta düşünürlər ki, Xocalı fəryadında da makyajla oynamaq olar. Bizdə hekayəyə baxan, onu düşünən yoxdur.
- Hikmət Rəhimovun adını çəkdiniz. Onun da baş rollardan birini oynadığı “Əqrəb mövsümü” serialı çoxluğun marağına səbəb oldu. Sizin bu ekran işi haqqında düşüncələriniz necədir?
- Serialı izləməmişəm. Hikmət Rəhimov isə böyük aktyordur. Amma yenə də deyirəm nisbətdə biz nəyisə tərifləyirik. Mən bu gün o janrda olan Skandinaviya filmlərinə baxıram. Onlar detektiv janrında möhtəşəm işlər ortaya qoyur. Bir var görmüş, bir var görməmiş. Mən görmüşəm.
- Onda serial niyə bu qədər sevildi?
- Çünki heç nə yox idi. Digərlərinə baxanda Emil Quliyev yaxşı iş görüb axı. Emil Quliyevin ən azından vizual həlli var və maraqlıdır. Aktyor seçimi doğru aparılıb. Məsələn, əminəm ki, senariyə baxsaq onu ağırlaşdıran məhz Hikmətdir. Aktyor bir film xilas edə bilir. Rejissor bir filmi batıra bilir. Heç bir halda istəmərəm nə Azər Aydəmir, nə Emil, nə də Hikmət məndən incisin. Bəli, filmdə çox gözəl tandem var. Məsələn, Abbas Qəhrəman mənim çox sevdiyim bir aktyordur. Amma niyə Abbas Qəhrəman çox çəkilmir. Sadəcə olaraq sağ olsun Emil ki, bir prodüser kimi (bildiyim qədəri ilə o həm də filmin prodüseri idi) bunları bir araya gətirə bilib, bu özü də böyük bir işdir və buna görə də insanlar başladı ki, sən demə bizdə də film, serial çəkənlər var.
- Çox vaxt filmlərdən aldığınız qonorar müzakirə mövzusu olur. Bilirəm ki, ucuz çəkilmirsiniz. Bəs qonarar almadığınız filmlər var?
- Elvin Adıgözəlin filmində bir qəpik qonarar almadan çəkilmişəm, çəkilərəm və çəkilirəm.
- Səbəb nədir?
- Çünki Elvin rejissordur. Onun danışmağa sözü var. O, bu sahədə inqilabçıdır və onun hekayələri var. Onun filmlərinə Avropada da maraq var. Mən film xətrinə filmdə çəkilmək istəmirəm. Mən istəmirəm kimsə məni saqqalıma, saçıma, gözlərimə görə çəksin. Mənim oynadığım obrazın yükü olmalıdır. Və mən bu obraz üçün gecə rejissora yığıb deyə bilərəm ki bu barədə belə düşünürəm. Elvin mənə təşəkkür edir ki, çox sağ ol sən gecə saat 4-də mənim filmimi düşünürsən. Başqa rejissorlar isə deyirlər ki, nə məcbur idi, sabah da danişsaq olardı. İncəsənət adamının gecəsi, gündüzü olmamalıdır. Onsuz da hamımız gecə düşünürük və istəyirik ki, qarşımızdakı da rahat adam olsun.
- Meyxanaya qulaq asırsınız?
- Bəli, qulaq asıram, amma son zamanlar sevmirəm. Çünki bütün fikirlər təkrarlanır və mən təkrarı sevmirəm.
- Siz nə vaxtsa meyxana demisiniz?
- Demişəm. Bu genetikdir. Bakılı olan hər kəsin qanında meyxana var. 18-19 yaşımda meyxana demişəm. Əruz vəznini çox sevirdim. Düşünürdüm ki, bu da bir yaradıcılıqdır. Mən meyxanaya heç bir halda fitri istedad kimi baxmıram. Çünki dilimizdə an, at, əl, üz kimi sözlər var. Bunlarla qafiyələr qurub dərhal 50 uyğun söz tapmaq mümkündür. Müəyyən sözlər, texnikalar var, meyxana söyləyəndə ondan istifadə edilir. Əsas üç misranı zəncir formasında gətirən, dördüncü rədifi ona bağlayan şəxs güclü meyxanaçı sayılır. Onlar meyxana ustasıdırlar.
- Övladlarınızla münasibətləriniz necədir, onlarda aktyor olmaq istəyi varmı?
- Övladlarımla dostdan artıq dostam. Bəli, etiraf edirəm ki, daha çox böyük oğlumla yaxınam. Kiçik oğlum anası ilə dostdur. Böyük oğlumla idmana olan sevgimiz, bir çox film və kitablarla bağlı zövqümüz, geyim tərzimiz, söhbətlərimiz eynidir. Övladlarımdan heç biri aktyor olmaq istəmir. Kiçik oğlum həkim, böyüyü isə idmançı olmaq istəyir. İndi də peşəkar idmanla məşğul olur. Övladlarımla bir-birimizə çox güvənirik. Ümumiyyətlə, övlad atasına, ata övladına güvənməlidir. Mən güvənməyi anamdan öyrənmişəm. Hamı həmişə deyir ki, mən atamın oğluyam, mənsə fəxrlə deyirəm ki, anamın oğluyam.
- Sizi həm də qiraətçi Kamran Ağabalayev kimi sevirlər...
- Yoxdur, qiraətçi Kamran Ağabalayev. Mən aktyoram. Şeir səsləndirmək isə bir növ hobbidir. Əslində hansısa bir şeiri səsləndirmək özü də işimizin bir hissəsidir. Amma mən qiraətçi deyiləm. İnsan hobbilərini iş halına salarkən xoşbəxt olur.
- Şeirdə deyilir ki, Bakı dəfn edən şəhərdir, Bakı basdıran şəhərdir, Bakı öz ümidlərindən adam asdıran şəhərdir. Sizcə, günahkar Bakıdır?
- Coğrafi mövqedir. Bakı günahkardır, bəli, bir Bakının rənginə baxın. Boz şəhər...
- Siz gözünüzdəki narıncı eynəklə o bozluğu görə bilirsiniz?
- Bəlkə, mən elə o bozluğa görə bu eynəyi taxmışam. O da ola bilər. Hazırda düşünürəm ki, şair Baba Pünhan demişkən Bakının dərdi var, Bakı xəstədir. Əslində təkcə Bakı yox, dünya xəstədir.
- Sizcə, Bakı hazırda xəstə dünyanın hansı nöqtəsindədir?
- Məncə, Bakı hazırda xəstə dünyanın altıncı palatasındadır. (Gülür)
- Nağıllar həmişə belə başlayır: Biri vardı, biri yox. Kamran Ağabalayevdə var, yoxsa yox?
- Bəli, bütün nağıllar belə başlayır. Biri vardı, biri yox, ona görə də nağıl davam etdikcə həmişə biri var olacaq, biri yox...
- Doğum gününüzü təbrik edir, Sizə işlərinizdə uğurlar arzulayırıq.
- Mən də diqqətiniz üçün təşəkkür edirəm, çox sağ olun!