Türkiyənin zəlzələdə ən çox zərərçəkən Kahramanmaraş şəhərində çadır şəhərciyi salınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən “12 Fevral Stadionu”nda yaradılan şəhərcikdə artıq təbii fəlakətdən zərərçəkən şəxslər yerləşdirilib.
Şəhərcikdə yerləşdirilən insanlar gün ərzində qida, su və çayla təmin olunurlar. Bundan əlavə, həmin şəxslərə isti geyimlər də verilir.
"Report" Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınan çadır şəhərciyindən hazırladığı fotoreportajı təqdim edir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət nəticəsində indiyədək azı 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.