Dünyada ilk elmi-texniki laboratoriya Azərbaycandadır - VİDEO

Dünyada ilk elmi-texniki laboratoriya Azərbaycandadır - VİDEO Laboratoriyada gün ərzində 10, bəzi hallarda isə 20-25 analiz aparılır
Multimedia
27 Aprel , 2015 15:50
Dünyada ilk elmi-texniki laboratoriya Azərbaycandadır - VİDEO

Bakı. 27 aprel. REPORT.AZ/ Əsası 1947-ci ildə qoyulan Neft Daşlarında bu gün 3 500-dən artıq insan çalışır. "Report"un xəbərinə görə, burada çalışanların müayinə və müalicə olunması üçün tibb məntəqəsi, onların yaşaması və qidalanması üçün 7 yataqxana və 2 yeməkxana və asudə vaxtlarını təşkil etməsi üçün park, futbol stadionu, idman zalı, çay evi və muzey var.

Ərazidə yerləşən tibb məntəqəsində stomatoloq və cərrahiyyə kabinələri var. Həmçinin burada rentgen aparatı vasitəsilə yoxlamalar aparmaq da mümkündür. Neft Daşları Tibbi Sanitar Hissəsinin (THS) ehtiyat dərmanları sırasında şok əleyhinə dərmanlar da var. Bu isə ən ağır vəziyyətdə olan xəstələrə belə ilkin tibbi yardım göstərməyin mümkün olduğunu göstərir.

Durumu ağır olan xəstələr gəmi və helikopterlər vasitəsilə digər xəstəxanalara təxliyə olunur.

Neft Daşları Tibbi Sanitar Hissəsinin növbətçi həkimi, terapevt Çingiz Məmmədov "Report"a deyib ki, onlara sutka ərzində 100-ə qədər müraciət daxil olur və müraciətlərin əksəriyyəti kəskin respirator xəstəliyi ilə bağlı olur: "Müxtəlif istiqamətlər üzrə - kardioloji və stomatoloji problemlərlə bağlı da müraciətlər daxil olur. Amma indi ən çox kəskin respirator xəstəliyi olan xəstələr gəlir".

C.Məmmədovun sözlərinə görə, xəstələri ağırlıq dərəcəsindən asılı olaraq ya Çilov adasındakı xəstəxanaya, ya da Bakıya göndərirlər.

Neft Daşları həmçinin dünyada ilk elmi-texniki laboratoriya hesab olunur. Burada yerləşən mərkəzlərdən biri də müxtəlif növ kimyəvi analizlər aparılan laboratoriyadır. Laboratoriyada gün ərzində 10, bəzi hallarda isə 20-25 analiz aparılır.

"Neft Daşları"nın laboratoriyasında kimyəvi tədqiqatlar üzrə laborant çalışan İnna Şıxiyeva isə əsasən məhlullarda neftin və suyun miqdarını ölçdüyünü deyib. Onun sözlərinə görə, kolbaya tökülmüş məhlul 10 dəqiqə ərzində aparatın içərisində dövr etdikdən sonra neft və su ayrılır və bununla da suyun həcmi müəyyən olunur.

Son xəbərlər

Orphus sistemi