İki ildir işsiz qalan qəlyançılar qadağanın götürülməsini istəyirlər - VİDEO

İki ildir işsiz qalan qəlyançılar qadağanın götürülməsini istəyirlər - VİDEO İki ildir işlərini itirən qəlyançılar: "Müraciət etsək də, hələ ki, nəticə yoxdur"
Multimedia
12 Yanvar , 2022 12:25
İki ildir işsiz qalan qəlyançılar qadağanın götürülməsini istəyirlər - VİDEO

Artıq iki ilə yaxındır ki, Azərbaycanda ictimai iaşə obyektlərində qəlyandan istifadə yasaqlanıb. Bu qadağa ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilib. Əvvəllər bu məhdudiyyətlər çərçivəsində kafe, restoran və digər ictimai iaşə obyektlərinin fəaliyyətinə qadağa qoyulsa da, sonradan bu, aradan qaldırılıb. Amma ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası hələ də qüvvədədir. Bu isə o deməkdir ki, artıq iki ilə yaxındır kafe, restoran və çay evlərində çalışan qəlyançılar fəaliyyət göstərmir.

“Report”un əməkdaşı koronavirus pandemiyası səbəbindən iki ilə yaxındır işini itirən qəlyan ustalar ilə həmsöhbət olub.

Bir zamanlar müştəri əlindən tərpənə bilməyən, hazırda işsiz qalan ustalar ailələrini dolandıra bilmədiklərini söyləyiblər, qəlyana qoyulan qadağanın aradan qaldırılmamasından narazılıq ediblər.

Qəlyançı Ruslan Zeynalov bildirib ki, pandemiya məhdudiyyətləri tətbiq ediləndə sonra işsiz qalıb. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi obyektdə onunla birlikdə 60-a yaxın qəlyançı da işini itirib: "Koronavirusdan ən çox zərər çəkən çay evləridir, buraya gələn müştərilərin çoxu qəlyanla maraqlanır. Artıq demək olar ki, bütün dünyada qəlyandan istifadəyə icazə var. Bütün orqanlara müraciət etsək də, hələ ki, heç bir nəticə yoxdur. Biz onsuz da hər zaman qəlyan və qəlyan avadanlıqları ilə bağlı anti-sanitar və gigiyena qaydalarına riayət etmişik”.

Qəlyan ustası Sadiq Hüseynov bildirib ki, 20 ildir bu işlə məşğuldur: "Mənim də işçilərim var. Onlar da tez-tez zəng edərək işin nə zaman bərpa olunacağı barədə maraqlanırlar. Bu sahə istiqamətində müxtəlif zamanlarda bir çox ölkələrdə Azərbaycanı təmsil etmişəm”.

Qəlyançı Rəsul Zeynalov isə qeyd edib ki, Azərbaycana bir çox ölkələrdən üz tutan turistlər adətən ictimai iaşə obyektlərinə məhz qəlyan üçün gəliblər: "Çünki bizim məkanlara turistlərin gəlmə səbəbi da məhz elə qəlyan idi. Amma bu gün turist içəri daxil olur, qəlyanla maraqlanır, yoxdursa çayımızı belə içmədən gedirlər”.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri Ceyhun İsmayılzadə "Report"a bildirib ki, qəlyan siqaret kimi istifadə olunub atılmır və dəfələrlə istifadə olunur. "Yalnız ağızlıq (müştük) hissəsi dəyişdirilir, lakin nə qədər dəyişilsə də yoluxucu xəstəliklərin keçməsinə səbəb ola bilər. Əsasən də bu hal kafe və barlarda daha risklidir. Ağızlıq (müştük) hissəsi nə qədər dəyişdirilsə də, borunun içərisində yığılıb qalan ağız suyu infeksiyanın yayılmasına əsas səbəbdir".

Qəlyançı Rəşad Məhərrəmovun sözlərinə görə, təkistifadəlik qəlyan boruları yalnız bir dəfə istifadə olunur.

"Müştəriyə qəlyan təqdim olunanda borunun üzərində blomb olur və o blombu yalnız müştərinin özü qırır. İstifadə olunub bitdikdən sonra borular çöp qutusuna atılır. Digər yeni gələn müştərilərə isə, hər birinə yeni borular təqdim olunur", - o bildirib.

Qeyd edək ki, 2020-ci ilin mart ayının 12-dən Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə qadağa qoyulub.

Videomaterialı təqdim edirik:

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi