İran İslam Respublikası yük avtomobillərini ölkəsinə buraxmaması Lənkəran-Astara yolunda sıxlıq və nəqliyyatın hərəkətində problemlər yaradıb.
"Report"un Cənub Mərkəzinin əməkdaşları yük avtomobillərinin İrana buraxılmamasının səbəblərini araşdıran zaman ortaya müəmmalı məqamlar çıxıb.
İran tərəfi əvvəlcə yük avtomobillərini ölkəsinə buraxmamasının səbəbini koronavirusla bağlı gömrük keçid məntəqəsində nəzarət və təhlükəsizlik tədbirlərinin gücləndirlməsi ilə əlaqədar olduğunu bildirib. Bu barədə İran rəsmi məlumat yaymasa da, yaranan sıxlıq səbəbi ilə Astara gömrük postunun əməkdaşlarına qarşı tərəfdən qeyri-rəsmi olaraq belə cavab verilib.
Araşdırma zamanı məlum olub ki, İran yalnız Rusiya qeydiyyat nişnalı yük avtomobillərini ölkəsinə buraxmır. Nəticədə 100-dən çox Rusiya qeydiyyat nişanlı yük avtomobillərindən ibarət 15 kilometr uzunluğunda növbə yaranıb.
Astara Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, gömrük postuna gedən magistral yolun şəhərin mərkəzindən keçdiyi üçün ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb: "Artıq 4 gündür ki, İran tərəfi hələlik məlum olmayan səbəb Rusiya qeydiyyat nişanlı yük avtomobillərini ölkəsinə buraxmır. Bu da şəhərin mərkəzində nəqliyyatın sıxlığına səbəb olub. Bundan başqa, avtomobillərini yollun kənarında saxlayan sürücülər şəhər ərazisini zibilləyirlər. Astra gömrük postundan Lənkəranın Siyavar kəndi ərazisinə qədər magistral boyunca yük avtomobillərinin növbəsi yaranıb. Nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları səfərbər olunub. Şəhərin mərkəzində yük avtomobillərinin sürücülərinin atdığı tullantıların təmizlənilməsi üçün DOST mərkəzinin könüllülərinin köməyindən istifadə olunub".
"Report”un sorğusuna cavab olaraq
N.Axundovun sözlərinə görə, iki həftə əvvəl İranda fəaliyyət göstərən şirkətlər yük nəqliyyat vasitələrinin sürücülərinə daşıma xərclərinə görə ödədikləri vəsaitin miqdarını azaldıb:
“Azərbaycan ərazisinə keçdikdən sonra bu qərardan xəbərdar olan sürücülərin əksəriyyəti isə daşıma müqabilində onlara ödənən vəsaitin az olduğunu səbəb göstərərək İran ərazisinə keçməkdən imtina edib ki, bu da “Astara” gömrük postunun qarşısında növbələrin yaranmasına səbəb olub.
Yük nəqliyyat vasitələrinin sıxlığının yaranmasının digər səbəbi isə qarşı tərəfin gömrük-sərhəd buraxılış məntəqəsindən gecə saatlarında az sayda yük nəqliyyat vasitələrinin keçidini təmin etməsi, bəzən gecənin müəyyən saatlarında fəaliyyətini müvəqqəti olaraq dayandırması olub. Eyni zamanda nəqliyyat vasitələrinin Azərbaycan ərazisində yol hərəkət qaydalarını pozduqlarına görə tətbiq olunan cərimələri məhz gömrük-sərhəd buraxılış məntəqəsində ödəməsi də nisbi sıxlığın yaranmasının səbəblərindən biridir. Nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək bildiririk ki, qaydaları pozduqlarına görə tətbiq olunan cərimələri gömrük-sərhəd buraxılış məntəqəsinə gələnə qədər ödəsinlər".
O qeyd edib ki, dərhal DGK-nın nümayəndələri İranın aidiyyəti qurumları ilə danışıqlar aparıb və problemlər aradan qaldırılıb: "Hazırda yük nəqliyyat vasitələrinin İran ərazisinə keçidində hər hansı problem yoxdur və gücləndirilmiş iş rejimində fəaliyyət göstərən ”Astara” gömrük postunda qonşu ölkənin ərazisinə gün ərzində 250-300 ədəd yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Onu da qeyd edək ki, 48 saat ərzində “Astara” gömrük postunda sıxlıq tam aradan qaldırılacaq”.