Gürcüstanda parlament seçkiləri üzrə səsvermə prosesi davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, seçki məntəqələrinin qarşısında növbələr müşahidə olunur.
Koronavirus pandemiyası dövründə keçirilən seçkilərdə xüsusi qaydalar tətbiq olunur. Tibbi maskada məntəqələrə daxil olan seçicilərin ilk öncə əlləri xüsusi məhlulla dezinfeksiya edilir. Şəxsiyyət vəsiqəsini təqdim edərkən onlar tibbi maskanı çıxarmalı olurlar. Seçicilər daha sonra fərdi qələmlə seçicilərin vahid siyahısına imza atırlar və həmin qələmlə də gizli səsvermə kabinəsində seçki bülletenini doldururlar. Qələmlər istifadədən sonra xüsusi qutuya atılır.
Məntəqədə olan seçki komissiyasının üzvləri, müşahidəçilər və jurnalistlər də mütləq qaydada qoruyucu maskalarda fəaliyyət göstərirlər.