Gözünün nurunu işinə sərf edənlər - REPORTAJ

Gözünün nurunu işinə sərf edənlər - REPORTAJ Azərbaycanda xalçaçılıqla məşğul olanlar "Report"a danışıb
Multimedia
29 May , 2021 12:04
Gözünün nurunu işinə sərf edənlər - REPORTAJ

Azərbaycanı dünyaya tanıdan xalçaçılıq sənəti ən qədim tətbiqi sənət növlərindən sayılır və təxminən 5 min illik tarixə malikdir. Ölkəmizdə toxunan xalçalar Bakı (Abşeron), Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz olmaqla 7 xalçaçılıq məktəbini təmsil edir. Bu məktəblərin isə hər biri fərqli naxışlar, kompozisiyalar, texniki xüsusiyyətlər deməkdir.

Azərbaycan qadınlarının ərsəyə gətirdiyi gözəl xalça nümunələri Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa və ABŞ kimi ölkələrin muzeylərini bəzəyir. Ölkəmizdə isə xalçalarımızla Bakıdakı Azərbaycan Xalçaları Muzeyində və Azərbaycan Tarixi Muzeyində tanış olmaq mümkündür.

Uzun illər dünya bazarında Qafqaz xalçası adı ilə çıxmış Azərbaycan xalçaları hazırda "Made in Azerbaijan" brendi ilə alıcılara təqdim olunur və azı 10 min ABŞ dollarında realizə edilir. Bəs bu sənətin sirləri nədir? Bir xalçanı toxumaq hansı əziyyətə başa gəlir? “Report” bu suallara cavab tapmaq üçün bu günlərdə “Azərxalça “ASC-nin Şabran rayonunda yerləşən xalçaçılıq emalatxanasında olub.

Nəsillərdən nəsillərə ötürülən əmanət

Emalatxanada toxucu işləyən Röya Qurbanova deyir ki, bu sənətin incəliklərini anasından öyrənib: “Anam öyrətməyə başlayanda əvvəllər anlamırdım, arada anamla söz-söhbətimiz olurdu, lakin indi anamın mənə öyrətdiklərini daha yaxşı anlayıram. Xalçaçılıq çox çətin, diqqət, qayğı tələb edən sənətdir. İnsan gərək bütün diqqəti ilə toxusun, əks halda xırda səhvlər böyük problemlərə səbəb olar. Xalçaları bizə təqdim edilən çeşnələrə (Xalçanın ornamental kompozisiyası əvvəlcə çeşnə adlanan damalı kağıza köçürülür) uyğun toxuyuruq. Bəzi xalçalarda 8-11, bəzi xalçalarda isə daha çox rəngdən istifadə edilir. Qədimi xalçaları dəbə uyğun yeniləyiblər. İyun ayından emalatxanımızda yeni üsulla xalçalar toxunacaq. Hər bir xalçanın öz dəyəri var. Bir xalçanı təxminən 2 aya, bəzilərini bir aya bitiririk, böyük xalçanın ərsəyə gəlməsi isə daha uzun müddət çəkir. Əsas həyacanı xalça hazır olanda yaşayıram”.

İlmələrlə keçən ömür

Digər toxucu Gülşən Sultanova isə ömrünü bu sənətə həsr etdiyini deyir: “1980-ci ildən xalça toxuyuram. Qonşularımız xalça toxuyurdular, məktəbdən gələndən sonra yanlarına gedib xalça toxumağı öyrənirdim. Saatlarla toxuyurdum, lakin vaxtın necə keçdiyini heç bilmirdim. Saat su kimi keçirdi, mən isə rənglərin, ilmələrin arasında tam başqa bir dünyaya daxil olurdum. Beləliklə, məktəbi bitirəndən sonra Şabran rayonunun Elmi İstehsalat Birliyində işləməyə başladım və artıq 40 ildir ki, xalça toxuyuram. Gərək işinə sevgini verəsən ki, tam ürəyin istədiyin səviyyədə xalça toxuyasan. Burda hər bir naxışın, hər bir xəttin öz mənası var. Bu günə qədər bütün çeşidlər üzrə xalça toxumuşam. Əvvəl ipək saplarla işləmişik, indi də 7 rənglə işləyirik”.

Emalatxanada indiyə qədər 184 xalça toxunub

Emalatxananın direktoru Kəbirə Vəliyeva isə deyir ki, 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış bu obyektdə indiyə qədər 184 xalça istehsal edilib. Bu müddətdə emalatxana pandemiya dövründə 1 il fəaliyyətsiz qalıb. Hazırda buranın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanım, 6-sı isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunur. Onların üzərində Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxtəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və yaxud 4 nəfər toxucu birlikdə toxuya bilir”.

Son xəbərlər

Orphus sistemi