Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 2020-ci ilin sentyabrın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verilib.
"Report"un Qərb mərkəzinin məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Gəncə şəhərinə atılan bir neçə raket nəticəsində dağılan evlərin inşası və bərpasına başlanılıb.
Hazırda şəhərin Samir Xasiyev və Muxtar Hacıyev küçələrində dağılan fərdi evlərin yerində tikinti işləri həyata keçirilir. Belə ki, ağır texnikalar vasitəsilə qismən dağılmış, yaşamaq üçün yararsız olan evlər tam sökülür. Ərazidə olan lazımsız materiallar yük maşınlarına doldurularaq daşınır və ərazi təmizlənir, yeni inşa edilən evlərin bünövrəsi hazırlanır.
Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında şəhərin digər yerlərində də düşmənin raket zərbələri nəticəsində tam və qismən dağıdılmış evlərdə yenidənqurma və təmir işləri mərhələli şəkildə həyata keçiriləcək.
Sakinlər onlara bu cür qayğı göstərilməsindən razı qaldıqlarını bildirirlər. Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində evi dağıdılan şəhər sakini Salman Novruzov "Report"a deyib: "Dördotaqlı fərdi yaşayış evim raket hücumu nəticəsində dağıldı. Hökumətimiz çox sağ olsun, indi yenisini tikməyə başlayıb. Çox razıyam, hər şey artıqlaması ilə icra olunur".
Digər sakin İsgəndər Nağıyev də "Report"a açıqlamasında razılığını ifadə edib: "Allah dövlətimizdən razı olsun. Bizim dağılan ev 3 otaq idi. İndi isə bizə yeni 4 otaqlı ev tikib verəcəklər".
Şəhər sakini Hicran Quliyevanın isə 5 otaqlı evi yenidən inşa edilir: "Evimiz dağıldığı gündən bəri dövlət bizə hər cür qayğı göstərib. İndi də evimizi tikirlər. Mənim evim 5 otaqdan ibarət idi, heç bir narazılığımız yoxdur. Sağ olsunlar."
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhəri də dəfələrlə düşmənin raket zərbələrinə məruz qalıb və onlarla insan həlak olub, bir çox yaşayış evləri və obyektlər zərər görüb.
Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilmiş, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.