"Füzuli səmasında güllələr, raketlər deyil, beynəlxalq standartlı təyyarələr uçacaq" - VİDEOREPORTAJ

"Füzuli səmasında güllələr, raketlər deyil, beynəlxalq standartlı təyyarələr uçacaq" - VİDEOREPORTAJ O torpaqlara ayaq basmaq mənə də qismət olacaqdı...
Multimedia
18 İyun , 2021 11:55
Füzuli səmasında güllələr, raketlər deyil, beynəlxalq standartlı təyyarələr uçacaq - VİDEOREPORTAJ

O torpaqlara ayaq basmaq mənə də qismət olacaqmış...

Sübh çağı saat 04:15 yola düşürük. İstiqamətimiz Zəfər yolunun başlandığı Füzulidir. Orada Prezidentin izi ilə Füzuli Beynəlxalq Hava Limanında tikinti işləri, Aşağı Köndələnçay su anbarı, yeni tikilən “Füzuli” yarımstansiyası və Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olmaq üçün.

Yol boyu həyəcanlıyam, çünki həm azad olunan torpaqlara gedirəm, həm də erməni vandallığına artıq video və şəkillərdən deyil, öz gözlərimlə baxacam.

Uzun məsafədən sonra təyinat nöqtəsinə, Alıxanlı postuna çatırıq. Bizimlə bərabər digər KİV-lərin əməkdaşları da buradadı.

Hamı toplanıb.

Ərazidə xidmət aparan polis bizə mina təhlükəsi, işarələnmiş yerlərdən kənara çıxmamaqla bağlı məlumat verir və avtobus tərpənir.

Postu keçirik. Bu keçid, yamyaşıl cənnətdən sanki səhralığa, xarabalığa keçid idi.

Bir az irəliləmişdik ki, görünən mənzərə dəhşət saçırdı.

Ermənilər işğal dövründə bu torpaqların guya onların olduğunu hayqıra-hayqıra hektarlarla əraziyə tikanlı məftillərdən ibarət sədlər çəkiblər. Guya bu sədlər bizim öz ata-baba yerlərimizə gəlməyimizə əngəl olacaqdı.

Ürəyimdə bir az kədər, bir az qürurla avtobusumuzun pəncərəsindən görünən mənzərəni izləyirəm. Uçurdulmuş, talan edilmiş, daşı-daş üstündə qalmamış evləri, həyatları, daha ifadə edə bilmədiyim nələr-nələr...

Gördüklərimi beynimdə çək-çevir etdiyim vaxt həmkarım mənə əli ilə dağıdılmış bir evin içindən boy atan ağacı göstərib deyir: “Təsəvvür edirsən, əvvəl ora kiminsə evi olub”. Mən işarələrin varlığına inanan insanam. Elə o ağacın da o evdə boy atmağını təbiətdən, Allahdan bir işarə, mesaj olduğuna inanıram. Sanki o ağac “mən bu evin içində bitməklə sahiblərinin dönməyi, buraların yenə gözəlləşməyi, yaşıllaşamağı üçün edilən duaların toxumuyam” deyirdi.

Aşağı Köndələnçay su anbarına çatırıq. Çayın üzərindən sərin meh əsir. Bura 30 illik fasilədən sonra yenə susuzluqdan dili-dodağı qurumuş torpaqlara məlhəm olacaq.

"Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin Füzuli suvarma sistemləri idarəsinin baş mühəndisi Atakişi Babayev jurnalistlərə açıqlamasında bildirib ki, 1951-ci ildə istismara verilən Köndələnçay-1 su anbarının ümumi tutumu 2,1 milyon kubmetr təşkil edir: “1962-ci ildə isə Köndələnçay-2 su anbarı istismara verilib ki, o da 2,9 milyon kubmetr su tutuma malikdir. Baxış keçirdiyimiz su Aşağı Köndələnçay su anbarının ümumi tutumu 9,5 milyon kubmetrdir. Bəndin uzunluğu 925 metr, hündürlüyü isə 25 metr təşkil edir. Bu 3 ədəd su anbarının qidalandırıcı mənbəyi Köndələnçaydır. Su anbarlarının ümumi tutumu 15,5 milyon kubmetrdir. Bununla da 6 200 ha əkin sahəsini suvarmaq mümkündür. Aşağı Köndələnçay su anbarında təmir işləri cari ilin sonunadək yekunlaşdıqdan sonra tam istismara yararlı hala salınacaq”.

Buradan Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmağa yollanırıq.

Orda bizi AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov qarşılayır və ən son yeniliklər barədə məlumatlandırır.

V.Əmiraslanov qeyd edir ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş füzelyajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağı tamamlanıb: “Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq və aeroportda ilk sınaq uçuşu da bu tarixdə həyata keçiriləcək”.

Valeh Əmiraslanov
Valeh Əmiraslanov

Şükürlər olsun ki, bundan sonra Füzulinin səmasında güllələr, raketlər deyil, beynəlxalq standartlı təyyarələr uçacaq.

Növbəti tanış olacağımız yerə, Şuşa şəhərinə çəkilən "Zəfər yolu"nun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpünün yanına gəlirik.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yerli və regional əhəmiyyətli yollar şöbəsinin rəisi İlham Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, "Zəfər yolu"nun inşası ilə bağlı işlərin 80%-i başa çatdırılıb: "Yolun 51-ci kilometrliyində torpaq işləri tamamilə bitib, konstruksiya işlərinə başlanılıb. Artıq yolun 1 kilometrdən artıq hissəsinin asfalt örtüyü çəkilib. Yolun 101,5-ci kilometrliyində 4 körpü var, onlardan 3-nun tikinti işlərinin 75%-i artıq həyata keçirilib. Hazırda dayandığımız körpünün altından Şuşaya 2-ci yol gedir. Bu yolun uzunluğu 84.6 kilometrdir”.

Səfərimiz üçün sonuncu yerə, yeni istifadəyə verilən “Füzuli” yarımstansiyasına çatırıq.

Bizi qarşılayan "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirir ki, 110-35-10 kV-luq "Füzuli" yarımstansiyası 3 ay ərzində inşa edilib: “Bu yarımstansiya Füzuli rayonunu, o cümlədən rayondakı strateji obyekləri, hava limanını, Füzuli-Şuşa yolunu, eyni zamanda əhali və qeyri-əhali abunəçilərini elektrik enerjisi ilə təmin edəcək”.

İndi isə ediləcək tək dua var: İşığımız bol, ocağımız sönməz olsun.

Ataların dediyi kimi haqq nazilər, amma üzülməz. Haqqımız olanı Ordumuzun gücü sayəsində geri qaytardıq.

Növbəti səfərimizdə bizi yamyaşıl, firavan Füzuli qarşılayacaq.

Mütləq qarşılayacaq....

Son xəbərlər

Orphus sistemi