"Nəvəm atasının gödəkçəsini qucaqlayıb yatır və onu istəyir".
Bunu Ermənistan silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi zamanı əsir götürülmüş əsgər, Gəncə şəhər sakini Bayram Kərimovun anası Zülfiyyə Kərimova "Report"un Qərb Mərkəzinə müsahibəsində bildirib.
O, övladının əsir götürüldüyünü baldızından öyrəndiyini deyib: "Ermənilər Bayramın yaralı halda əsir götürüldüyünün nümayiş olunduğu video yaymışdılar. Üçyaşlı nəvəm hər dəfə qapı döyüldüyündə "atam gəldi" deyir. Biz onun həsrətinə dözə bilmirik. Oğlum ağır yaralıdır, indi onun nə halda olduğunu bilmirik. Görəsən ona necə baxırlar, necə rəftar edirlər? Xahiş edirəm, bizə yardım göstərilsin, övladım əsirlikdən qurtarılsın".
Z.Kərimova oğlu ilə yanaşı, əsgər yoldaşı Amin Musayevin də əsir götürüldüyünü vurğulayıb:
"Onun da, övladımın da geri qaytarılmasını istəyirik".
"Bayram könüllü olaraq müharibəyə gedib. Digər oğlum da səfərbərlik zamanı çağırılmışdı və hazırda hərbi xidmətdədir. O da qardaşının yolunu gözləyir", - hərbi əsirin anası söyləyib.
Qeyd edək ki, Bayram Kərimov və Amin Musayev yaralı halda ermənilər tərəfindən əsir götürülüb və bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.