Bakı. 7 mart. REPORT.AZ/ Dünyada ilk xalça muzeyi kimi yaranan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi təxminən yarım əsrdir Azərbaycanın xalça sənətini dünyada tanıdır. Muzey 1967-ci ildən Bakı şəhərində fəaliyyət göstərir. Binanın giriş hissəsində xalq sənətkarlarının əl işləri və müasir interpretasiyalardan ibarət ornamentlər əks olunub. Əsas ekspozisiyalar II, III, IV mərtəbələri əhatə edir.
Birinci mərtəbədə xalçaçılığın inkişaf texnologiyası və ənənələr, xalçaçılıq sənətinin təkamülü bölmələri yerləşir.
İkinci mərtəbədə Azərbaycan xalça sənətinin keçdiyi təkamül yolu, sadə və bəsit növü sayılan həsirdən başlayaraq daha mükəmməl formalara yüksəlmə prosesini nümayiş etdirən ekspozisiya yerləşir. Həmçinin burada Azərbaycan xalça məktəblərinin nümunələri (Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz) öz əksini tapıb.
Üçüncü mərtəbədə isə müasir xalçalar yer alıb. Eyni zamanda, Xalça Muzeyinin yaradıcısı, xalq rəssamı Lətif Kərimovun büstü qoyulub.
Muzeyin dördüncü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir. Xalça sənətinin davamlı inkişafında önəmli xidmətləri olan “Azərxalça” İstehsalat Birliyinin fəaliyyət istiqamətləri açıqlanır. Burada, eyni zamanda, Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var. Dördüncü mərtəbədəki kino zalında isə xalça sənəti haqqında filmlər nümayiş etdirilir.
"Report" Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən hazırladığı fotoreportajı təqdim edir: