Dəqiqlik, operativlik və sərhədləri aşan etimad - Baku TV 5 yaşını qeyd edir

Dəqiqlik, operativlik və sərhədləri aşan etimad - Baku TV 5 yaşını qeyd edir Baku TV 5 yaşını qeyd edir
Multimedia
18 Fevral , 2023 12:27
Dəqiqlik, operativlik və sərhədləri aşan etimad - Baku TV 5 yaşını qeyd edir

Bu gün Baku TV internet televiziyasının yaranmasından beş il ötür.

“Report”un əməkdaşı telekanalın ofisinə baş çəkib, iş prosesini izləyib, əməkdaşlarla söhbətləşib.

Televiziyanın ofisində qaynar iş mühiti var. Qısa zamanda kiçik komanda ilə böyük uğurlara imza atan Baku TV kollektivi böyük bir əzmlə çalışır. Kanal hadisə yerindən reportajları, eksklüziv süjet və müsahibələri, peşəkar yanaşması ilə izləyicisinin güvənini qazanıb.

Baku TV-nin direktoru Ramin Cəfərov bildirir ki, 2018-ci ildə dəqiq xəbər mənbəyi olmaq üçün yola çıxan televiziya hazırda operativliyi ilə xüsusən seçilir: “Baku TV faydalı, operativ və hamı üçün açıq olan bir televiziyadır. Biz hər zaman çalışırıq ki, yeni innovasiyaları tətbiq etməklə rəqəmsal jurnalistikaya öz töhfəmizi verək. Bununla əlaqədar olaraq artıq bir müddətdir ki, kanalın nəzdində müasir mediada çalışmaq istəyən, jurnalistikaya marağı olanlar üçün "Baku TV Rəqəmsal Media Məktəbi" fəaliyyət göstərir. Artıq məktəbi bitirən məzunlarımız Baku TV-də, həmçinin digər kanallarda çalışır”.

Onun sözlərinə görə, kanal qazandığı etimada görə, hazırda xarici ekspertlərlə də rahatlıqla əlaqə yarada bilir: “Kanalın rus dilli redaksiyası isə artıq 2 ildir ki, fəaliyyət göstərir. Baku TV Ru-nun Azərbaycanla bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yaşayan rusdilli auditoriyaya çatdırılmasında böyük rolu var. Bəzən bizə müsahibə verən xarici ekspertlər özləri də materiallarımızı paylaşır və belə desək, bizim piarımızı aparırlar. Çünki onlar bu etibarı hiss edirlər və bilirlər ki, bizə verilən müsahibələr kontekstdən çxarılmadan tamaşaçılara təqdim edilir”.

Direktor söyləyib ki, hazırda Baku TV-nin ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdə xüsusi müxbir postları mövcuddur.

Baku TV-nin ictimai-siyasi şöbəsinin müdiri Tural Museyibov deyib ki, efirə gedən və tamaşaçıların rəğbətlə qarşıladıqları hər bir uğurlu materialın arxasında böyük bir zəhmət dayanır: “Baku TV tamaşaçı etimadını doğrultmağı bacarıb. Bu etimadın arxasında kollektivimizin böyük əziyyəti var. Peşəkar işin görülməsi və uğur əldə olunmasında rəhbərliyin işçilərə yaratdığı şəraitin xüsusi əhəmiyyəti var. Belə ki, Baku TV-də hər bir işçiyə işini layiqincə görməsi üçün meydan verilib. Düşünürəm ki, 5 yaşımız olmasına baxmayaraq, rəqabətdə irəli getməyi bacarmışıq. Bu gün Baku Tv operativliyi, dəqiqliyi və mövzuya fərqli yanaşması ilə ön sıralardadır”.

Qeyd edək ki, “Global Media Group”un tərkibində olan Baku TV 2022-ci ilin dekabrında ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Kanal 2022-ci ilin noyabr ayında Audiovuzual Şuranın verdiyi lisenziya əsasında kabel televiziyalarında yayımlanmaq imkanı əldə edib. İlk olaraq "Connect TV"də yayıma başlayan kanalı tezliklə digər kabel televiziyası abunəçiləri də izləyə biləcək.

“Report” İnformasiya Agentliyi Baku TV-də çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Daha ətraflı reportajı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi