Bakı. 29 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiətimiz-evimizdir" adlı ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində mətbuat nümayəndələri Azərbaycanın Xızı və Siyəzən rayonlarının ərazilərində yerləşən Altıağac Milli Parkında olublar. Layihənin məqsədi həm azərbaycanlıları, həm də xarici turistləri Azərbaycan milli parkları ilə tanış etmək, ekoturizmə dəstək verməkdir.
"Report" Altıağac Milli Parkından hazırladığı reportajı təqdim edir.
Bunları bilmək vacibdir
Qoruqlara insan müdaxiləsi tamamilə, Milli parklarda isə qismən qadağandır. Milli parklarda müəyyən olunmuş marşrutlarla təbiətin gözəlliklərini seyr etmək, ondan həzz almaq mümkündür. Qadağaların səbəbi təbiətə xarici təsiri azaldaraq və ya minumuma endirərək onu qorumaqdır. Bununla da təbiət özünü bərpa edə bilir və heyvanat aləmi təbii yolla çoxalır.
Milli parkların turistlər üçün açıq olmasında məqsəd həm də insanları maaarifləndirməkdir. Burada təbiətlə necə davranmanın, onunla ünsiyyətin qaydaları açıqlanır. Azyaşlı, xüsusilə məktəbyaşlı uşaqlar üçün bunun çox böyük əhəmiyyəti var.
İlin yeddi ayı bu Milli parka getmək olmaz
Bakıya ən yaxın ərazidə yerləşən meşəliyi əhatə edən Altıağac Milli Parkı 2014-cü ildə 11.035 hektar ərazidə yaranıb. Ərazidəki meşələri əmələ gətirən ağac növlərinin 90 faizə qədərini palıd, fıstıq, vələs ağacları təşkil edir. Burada “Qırmızı Kitab”a düşən çoxlu sayda bitki və bəzi heyvan, quş növü var. Milli parka daxil olmaq 18 yaşa kimi olan şəxslərə pulsuz, 18 yaşdan yuxarı şəxslər üçün isə 2 manatdır. Piknik yerləri də bu ödənişə daxildir, hətta parkda çəkiliş etməyə də icazə verilir.
Bu ilin may ayı ərzində milli parka 380 turist gəlib. Milli parkda 8 ekoturizm marşrutu fəaliyyət göstərir. Altıağac Milli Parkına may, iyun, iyul, avqust və sentyabr aylarında getmək olar, çünki qış fəsli burada sərt keçir, dağlıq marşrutlara qalxmaq olmur.
Cənubi Qafqazdakı yeganə reabilitasiyası mərkəzi
Altıağac Milli Parkında Cənubi Qafqazda ilk və yeganə olan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası yerləşir. Milli parkın direktor əvəzi Göycə Musayev deyir ki, burada bir baytar həkim, iki texnik işləyir. Ərazidə yerləşən həkim evində yaradılan ikin yardım və cərrahiyyə otağında rentgen aparatı, alətlər, dərmanlar və s. saxlanılır.
Reabilitasiya mərkəzində indiyə qədər ayı, canavar, tülkü, dovşan, kirpi, qartal, kərkəz, qu quşu, qırqovul, ceyran, cüyür, çöl pişiyi və başqa heyvanlar müayinə və müalicə olunub.
Mərkəzdə həm quşlar üçün, həm də vəhşi heyvanlar üçün çoxlu sayda kiçik və böyük qəfəslər var. Heyvanlar burada reabilitasiya keçdikdən sonra, vəhşi təbiətə buraxılır. Hazırda mərkəzdə ayı balası müalicə olunur.
Qeyd edim ki, reabilitasiyası mərkəzində çəkilişə icazə verilmir.
Tapdığınız yaralı heyvanları bura gətirin!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə vətəndaşlara səslənərək bildirdi ki, hər bir şəxs təbiətdə zədəsi olan, xəstə, halsız vəhşi heyvan və quş növü tapsa onu gətirib Altıağac Milli parkında yerləşən reabilitasiya mərkəzinə verə bilər. Burada həmin canlı sağaldılaraq yenidən təbiətə buraxılacaq.
Ataçay
Mətbuat nümayəndələri Milli Parkda olarkən ərazidə leysan xarakterli intensiv yağış yağdı. Yağışdan sonra ərazidə olan çayın suyunun gurlaşdığı müşahidə olundu. Qeyd edək ki, milli parkın ərazisindən Ataçay və onun bir sıra kiçik qolları keçir. Ataçay dağ çayıdır, o öz başlanğıcını Dubrar dağının 1870 metr hündürlüyündən götürür, Xəzər dənizinə tökülür. Çayın suyundan suvarma məqsədilə istifadə olunur.