Yuxarı
    Bağlamaq

    Bakının şüşəsilən alpinistləri - REPORTAJ

    Bir bina 30 günə yuyulur© Report.az

    Bakı. 26 iyul. REPORT.AZ/ Hündürmərtəbəli binaların şüşələrini təmizləyənlərə alpinist deyilsə də, içərilərində əsl alpinistlər azdır. “Report”un əməkdaşı bu maraqlı peşəni seçən insanlardan  yazır.

    Haqqında danışacağımız alpinist komandası iki nəfərdən ibarətdir. Onlar - Təbriz Yusifov və Mehman Xudaverdiyev “Demirchi Tower”də çalışır.

    “Təkcə şüşə silmirik”

    Müsahiblərim deyir ki, alpinist fəaliyyətləri bu bina ilə bağlıdır, onlar binanın təməli qoyulandan burada işləyiblər, bu sənəti isə türkiyəli iş yoldaşlarından öyrəniblər. İşləri yalnız binanın şüşələrini silmək deyil, onlar həm də şüşələrin dəyişdirilməsi ilə də məşğul olurlar. Ümumilikdə, binadakı şüşə ilə bağlı işlərə onlar baxırlar.

    Onlar şüşə silmək, dəyişmək üçün günləri havaya uyğun müəyyənləşdirirlər. Güclü külək əsəndə işləmək olmur. Belə olanda binanın içərisində işləyirlər: "Foyenin pəncərələrini, fasadı, qarajı yuyuruq". 

    Alpinistlərin şüşə dəyişmə prosesini də izlədik, bu proses daha çox zəhmət, zaman və səbr tələb edən işdir. Şüşəni çıxartmaq daha çətin və təhlükəlidir.

    Dənizçilikdən alpinistliyə

    Təbriz Yusifov əvvəllər dənizçi olub. Ona görə də küləkdən, qasırğadan qorxmur. O, yük gəmisində, tankerdə bosman, yəni matrosların briqadiri işləyib. Aralıq, Qara dəniz, Atlantik okeanında və Avropa ölkələrinin çoxunda olub. Xəzər dənizində də bir neçə il işləyib.

    İşlədiyi müddətdə çox çətinliklər gördüyünü deyən T.Yusifov onda qorxu hissinin olmadığını bildirir: “Alpinistlərdə qorxu hissi olmamalıdır”.

    Qəhrəmanlarım Azərbaycanda qadın alpinistlərə rast gəlmədiklərini söyləyirlər. Onların fikrincə, "qadın alpinist işləyə bilməz" ifadəsi doğru deyil, çünki istənilən çətin işdə işləyə biləcək çox ürəkli qadınlar var.

    Üzərində relslər olan hündürmərtəbəli bina

    Alpinistlər işə başlamaq üçün işlədikləri binanın üzərinə çıxaraq səbətə düşməlidirlər. Biz də prosesi görmək üçün binanın damına çıxmalı olduq. 

    Bakı küləklər şəhəri olduğundan yayın ən isti günündə belə binanın damında küləklə qarşılaşdıq. Müsahiblərim deyir ki, hündür binaların şüşələrinin təmizlənməsi zamanı əsas çətinlik də elə küləklə bağlıdır.

    Binanın damına yerə vurulan qoruyucu təbəqəni, örtüyü günəş şüalarının məhv etməməsi üçün xırda daşlar tökülüb. Orada səbət üçün yol var, bu yol qatar relslərinə bənzəyir. Səbət həmin relslərin üstü ilə hərəkət edir. Alpinistlər binanın damına çıxanda küləyin istiqamətinə görə hansı tərəfdə işləyəcəklərini təyin edirlər. Küləyin istiqamətini isə Bayraq Meydanındakı bayrağa və gəmilərə əsasən müəyyənləşdirirlər. T.Yusifov dənizçi olduğundan küləyin istiqamətini daha rahat təyin edə bilir.

    Alpinist kök ola bilər

    Alpinistləri daşıyan səbət 2 nəfər və əlavə 340 kiloqram yük götürür. Yəni, səbətdə olacaq alpinist üçün çəki limiti qoyulmayıb. Alpinist çəkili, kök də ola bilər, əsas odur qorxusuz, diqqətli, cəld, bu sahədə təcrübəli olsun, işini yaxşı bilsin.

    İşçiləri daşıyan səbət möhkəmdir, deyilənə görə qırılma təhlükəsi də yoxdur. Səbətin trosu ancaq paslanma baş verərsə qırıla bilər. Amma təhlükəsizlik məqsədi ilə işçilər səbətdən əlavə özlərini də kəndirlə binanın damına bağlayırlar.

    Təhlükəli məqamlar

    Qəhrəmanlarım səbətdə təhlükəli vəziyyətlərlə də qarşılaşıblar. Bəzən hava sabit, küləkli olmadığından şüşə təmizləməyə eniblər, ancaq qəfildən külək əsməyə başlayıb. Hətta güclü külək səbəti binanın əks tərəfinə atıb.

    Səbətin bir tərəfində rezinlər var, onlar şüşəni qırılmaqdan qoruyur. Amma səbətin digər tərəfində rezin yoxdur. Ona görə də külək səbəti tərpədəndə mümkün qədər şüşəyə rezin tərəfin dəyməsinə çalışırlar: “Yəni, özümüzdən çox şüşələri qoruyuruq... Axı şüşənin əks tərəfində ofislərdə işçilər olur, səbət şüşəyə dəysə qırıla və nəticədə gör neçə nəfər ciddi xəsarət ala bilər”.

    Müsahibim deyir ki, təhlükəli vəziyyət olanda onlara heç kim kömək edə bilməz, ancaq özləri özlərini həmin məqamdan çıxara bilərlər: “Çünki bizə heç kim kömək edə bilməz. Ən pis vəziyyətdə Fövqəladə Hallar Nazirliyinə kömək üçün müraciət edə bilərlər. Bəzən olur ki, düşüb qalxanda avtomat atır, zəng edirik, elektrik də gəlib işığı yandırır”.

    Quşlar şüşələri çirkləndirir

    Bakı küləklər şəhəri olduğundan şəhər daim tozlu olur. Nəticədə də şüşələr toz olur. Tozun üstünə yağış yağanda isə şüşələrin üzərinə hopan toz palçığa çevrilir. Müsahiblərim deyir ki, küləkdən başqa bir də quşlar şüşələri çirkləndirirlər.

    Köməkçi vasitələr

    Pəncərə silmək üçün alpinistlərə elə də çox şey lazım olmur. Xüsusi yuyucu maddə, vedrə, su, çəkmək üçün rezin, hopdurucu silgi bu iş üçün kifayətdir.

    Bir ay vaxt alan təmizlik

    Qəhrəmanlarım deyir ki, binanın bütün şüşələrini bir ay ərzində tam yuyuruq. Əgər hava yaxşı olsa, tez-tez işləmək olur, külək isə işi ləngidir. Alpinistlər bir günə təxminən 500-600 kvadratmetr şüşə təmizləyirlər. Ümumi binanın sahəsi 13.500 kv. m. olduğundan bir ay ərzində yuyulur.

    İşin maraqlı tərəfləri

    Təhlükəli hesab etdiyimiz bu işlərin də maraqlı, pozitiv tərəfləri var. Məsələn, ulduzlar kimi onlarla da şəkil çəkdirmək üçün can atırlar. Qəhrəmanlarım deyir ki, restoranda olan xanımlar onları görən kimi selfi çəkdirirlər: “Pəncərədən əl edərək xahiş edirlər ki, kameraya baxaq... Bundan başqa, fotoqraflar da şəklimizi çəkirlər. Bəzi mərtəbələrdə olur ki, sevinirlər, pəncərəyə yaxınlaşırlar”.

    Hətta müsahiblərimdən qorxanlar da olur: “Hətta bizdən qorxub qışqıran da olub. Sonradan bildik ki, təzə işçidir, şüşə sildiyimizi bilmir”.

    Bu yaxınlarda isə alpinistlər pəncərə sildikləri vaxt işçi xanımlardan biri bir kağıza nəsə yazaraq pəncərəyə tərəf tutub: “Xanım yazmışdı ki, “yandakı şüşəni yaxşı yuyun...”

    Foto: Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi