Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda 1 iyun - Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibəti ilə aksiya keçirilib.
"Report" xəbər verir ki, aksiya "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" layihəsi çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ), "ARB Günəş" kanalının, "CinemaPlus" və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birgə keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov tədbirin keçirilməsində məqsəd cəmiyyətin diqqətini balacaların həyat və sağlamlıqlarının qorunmasına yönəltmək, yol-nəqliyyat hadisəsləri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olduğunu bildirib.
Aksiya çərçivəsində Yol Patrul Xidmətinin formasını geyinən uşaqlar hərəkət iştirakçılarını müxtəlif devizlər altında yolarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq onlara Yol Patrul Xidmətinin əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.
Aksiya zamanı hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yol hərəkəti təhlükəsizliyində, insanların həyat və sağlamlıqlarının qorunmasında hər bir vətəndaş üzərinə düşən vəzifəni dərk etməlidir.
Tədbirdə DYPİ-nin əməkdaşları və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri aksiyanın əhəmiyyəti barədə sürücü və piyadalarla maarifləndirici söhbətlər aparılıb. Aksiyada saxlanılan avtomobillərdə olan uşaqlara hədiyyələr, sürücülərə bukletlər paylanılıb.