Bakıda ümumdünya Ukrayna “vışivanka” günü qeyd olunub

Bakıda ümumdünya Ukrayna “vışivanka” günü qeyd olunub Bayramın əsas məqsədi Ukrayna milli dəyərlərinin qorunub saxlanılması, onların gənclər və ümumlikdə əhali arasında populyarlaşdırılmasıdır
Multimedia
20 May , 2021 10:52
Bakıda ümumdünya Ukrayna “vışivanka” günü qeyd olunub

Ukraynalı diplomatlar Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə birlikdə Bakıda ümumdünya “vışivanka” gününü qeyd ediblər.

“Report” xəbər verir ki, onlar Bakıda Dənizkənarı Bulvar boyunca milli Ukrayna mahnılarını oxuyaraq bayram yürüşü təşkil ediblər.

Qeyd edək ki, “vışivanka” üzərində etnik tikmə naxışlar olan ənənəvi Ukrayna geyimidir. Ümumdünya “vışivanka” günü bu geyimin yaradılması və geyinilməsi ənənələrini qorumaq və populyarlaşdırmaq üçün nəzərdə tutulmuş Ukrayna bayramıdır. Bayram may ayının hər üçüncü cümə axşamı günü qeyd olunur. Bu bayramı həm Ukraynada, həm də xaricdə qeyd edənlər işə və ya dərsə “vışivanka”da gəlirlər. Bundan başqa bu bayram zamanı Ukraynanın və dünyanın müxtəlif şəhərlərində “vışivanka” yürüşləri keçirilir.

Bayramın əsas məqsədi Ukrayna milli dəyərlərinin qorunub saxlanılması, onların gənclər və ümumlikdə əhali arasında populyarlaşdırılmasıdır.

“Ukrayna və ukraynalılar üçün “vışivanka”, yəqin ki, azərbaycanlılar üçün gözəl Azərbaycan xalçası kimi dəyərlidir. Onun da özünəməxsus genetik kodu var. Ukrayna millətinin genetik kodu məhz “vışivanka”dadır. Buna görə də bu bayram bizim üçün xüsusidir”, – Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Onun sözlərinə görə, insanlar yürüşü çox yaxşı, təbəssümlə qarşılayıblar: “Bu, qarşılıqlı, isti münasibətdir. Fikrimcə, Azərbaycanın əsas xüsusiyyəti onun xalqıdır. Çünki çoxdandır bu cür səmimiyyət görməmişdim. Əminəm ki, Ukrayna xalqını qardaş xalq hesab edən azərbaycanlılar kimi, hər bir ukraynalı da eyni hissləri azərbaycanlılara münasibətdə yaşayır”.

“Bu gün belə bir fürsətə sahib olduğumuza görə xoşbəxtik, çünki Ukrayna “vışivanka” günü Ukrayna millətinin kodu, ruhu, gözəlliyi, ilhamıdır”, – Bakı Slavyan Universitetinin Ukrayna dili müəllimi Lesya Kərimova tədbir haqqında təəssüratlarını bölüşərkən deyib.

Yürüş Ukrayna dövlət himninin ifası ilə başa çatıb.

Operator: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi