Bakıda şəhidin adına parkın və xatirə lövhəsinin açılışı olub

Bakıda şəhidin adına parkın və xatirə lövhəsinin açılışı olub Bu gün Xətai rayonunda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizdən olan Elşən Salayevun xatirə lövhəsi və parkın açılışı olub. Açılış mərasimi şəhidin yaşadığı ərazidə baş tutub.
Multimedia
18 Oktyabr , 2021 15:32
Bakıda şəhidin adına parkın və xatirə lövhəsinin açılışı olub

Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Elşən Salayevin adına parkın və qəhrəmanın xatirə lövhəsinin açılışı olub.

"Report" xəbər verir ki, şəhidin vaxtilə yaşadığı Səməd bəy Mehmandarov küçəsi 26 ünvanında keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra dövlət himni səsləndirilib.

Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çıxış edənlər şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Salayev Elşən Fuad oğlu 1998-ci il iyunun 8-də Bakı şəhərində anadan olub. 2019-cu ildə ali məktəbi bitirib.

2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Tərtərdəki "N" saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Ötən ilin oktyabrın 15-dən ailəsi E.Salayevdən heç bir xəbər ala bilməyib. Təxminən 1 ay sonra onun şəhid olduğu məlum olub. Noyabrın 18-də Bakı şəhərində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə E.Salayev ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi