Yuxarı

Bakıda Qədr gecəsi - FOTOREPORTAJ

Fatimeyi-Zəhra məscidinə toplanan insanlar bu gecə münasibətilə dualar oxuyublar, dindarlar Ramazan ayının hikmətlərindən danışıblar

Bakı. 8 iyul. REPORT.AZ/ Müsəlman aləmi iyulun 7-dən 8-nə keçən gecə Ramazan ayının növbəti Qədr gecəsini qeyd edib. "Report" xəbər verir ki, Bakıdakı "Fatimeyi-Zəhra" məscidinə toplanan insanlar bu gecə münasibətilə dualar oxuyublar, dindarlar Ramazan ayının hikmətlərindən danışıblar. 

İslam dininin müqəddəs kitabı olan "Quran"ın məhz Qədir gecəsində Peyğəmbərə (s) nazil olduğuna inanılır. 

Lakin Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədir  gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olub.

Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. 2 rükət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rükətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfürullahə və ətubu ileyh” deyilir.)

4. Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə) və İmam Huseynin (ə) ziyarətnaməsini oxumaq.

6. 100 rükət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi