25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanda 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.
“Report”un əməkdaşı xəbər verir ki, imtahanların keçirildiyi məktəb və universitet binalarının qarşısında abituriyentlərin yaxınları imtahanın bitməsini gözləyirlər.
Bakı üzrə 12 min abituriyentin iştirak etdiyi imtahanlar 11:30-da başlayıb.
İmtahan keçirilən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının önündə övladını gözləyən valideyn “Report”a bildirib ki, oğlu çoxdan məşğul olduğu boks üzrə elə Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyir. Həyəcanlı olduğunu deyən ata övladının karyerası uğrunda əsas addımın bu olduğunu və qəbul olarsa, gələcəkdə uğurlu idmaçı olacağına inandığını deyib.
Təşkilatçılığın normal olduğunu qeyd edən abituriyent yaxınları, hələki heç bir narahatlığın yaşanmadığını deyiblər.
135 saylı məktəbin qarşısında dayanan avituriyentlərin yaxınları da həyəcanlıdır. Onlrdan biri üçüncü övladının imtahandan çıxmasını gözlədiyini söyləyib: “Digər iki övladım ali məktəbdə təhsil alır”.
248 saylı məktəbin qarşısında qızını gözləyən Gülnarə Əliyeva böyük qızının Azərbaycan Dillər Universitetinin 4-cü kursunda oxuduğunu, hazırda imtahan verən digər qızı Lalənin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaq istədiyini bildirib.
Foto: İsmayıl Nur