Xəbər verdiyimiz kimi, Bakıda, habelə respublikanın bir sıra şəhər və rayonlarında koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, COVID-19-un törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlərin tətbiqinə başlanılıb.
"Report"un məlumatına görə, artıq iki gündür şəhərin müxtəlif istiqamətlərində polis postları qurulub.
Hazırda Bakı Şəhər Dövlət Yol Polisi virusa qarşı mübarizədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərt karantin rejiminin tələblərini pozaraq icazəsiz evdən çıxan sürücülər cəzalandırılır.
"Report"un əməkdaşları paytaxtın daxilində qurulan bir neçə polis postunda çəkiliş aparıblar.
Reportaj zamanı postlarda polis əməkdaşları tərəfindən sürücü və sərnişinlərin hərəkəti üçün icazənin olub-olmamasının ciddi şəkildə yoxlanıldığını müşahidə etdik. Eyni zamanda sürücülərə zərurət yaranmadıqda şəxsi avtomobillərindən az istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonununda fəaliyyətinə icazə verilməyən vətəndaşların 5 iyul saat 06:00-dək icazəsiz evdən çıxması qadağandır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
Video: İlqar Abdullayev