Bakıda piyada keçidlərində bəzi eskalatorlar niyə işləmir? - VİDEO

Bakıda piyada keçidlərində bəzi eskalatorlar niyə işləmir? - VİDEO Son günlər paytaxtın bəzi küçə və prospektlərində yerləşən piyada keçidlərindəki eskalatorların işlək vəziyyətdə olmaması piyadaların haqlı narazılığına səbəb olub.
Multimedia
11 Yanvar , 2022 16:49
Bakıda piyada keçidlərində bəzi eskalatorlar niyə işləmir?  - VİDEO

Son günlər paytaxtın bəzi küçə və prospektlərində yerləşən piyada keçidlərindəki eskalatorların işlək vəziyyətdə olmaması piyadaların haqlı narazılığına səbəb olub. Bu cür problemlərdən biri də paytaxtın Azadlıq prospekti 200/36 ünvanında yerləşən piyada keçidindədir. Burada eskalatorların uzun müddətdir işlək olmaması yolun bir tərəfindən digər hissəsinə keçmək istəyən piyadaların hərəkətini çətinləşdirib. Prospektin işlək olmasına baxmayaraq, keçiddən istifadə edənlər eskalatorların heç birinin işləməməsindən narazıdırlar.

“Report”un əməkdaşı sözügedən əraziyə gedərək paytaxt sakinlərinin şikayətlərini dinləyib.

Çəkiliş zamanı müşahidə olunub ki, sakinlər işləməyən eskalatordan pilləkən kimi istifadə edir. Keçiddən azyaşlı nəvəsi ilə birlikdə istifadə edən yaşlı qadın bildirib ki, eskalatorun işləməməsi onlar üçün əsl əziyyətə çevrilib. Yaxınlıqda yaşadığı üçün keçiddən tez-tez istifadə etməyə məcbur olan şəhər sakininin sözlərinə görə, eskalatorlar bir ildən çoxdur ki, işlək vəziyyətdə deyil: "Mən bu ərazinin sakiniyəm, demək olar ki, hər gün mütəmadi olaraq nəvəmi bağçaya aparıb-gətirirəm. Təbii ki, çox çətinlik çəkirik”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a deyib ki, eskalator və eskalatorların ehtiyat hissələri ölkəmizdə istehsal olunmadığına görə xaricdən sifariş verilir. "Bu isə müəyyən vaxt tələb edir. Ona görə də bu müddət ərzində hər hansı bir ərazidə sıradan çıxmış eskalatorlar işlək vəziyyətdə olmaya bilər".

A.Nəcəfli onu da bildirib ki, təmsil etdiyi qurumun təmir briqadaları var: "Əgər yerində təmir mümkündürsə, eskalator yerində təmir olunur, əks təqdirdə hər hansı bir ehtiyat hissəsi sex şəraitində təmir olunaraq üzərinə yerləşdirilir və eskalator işlək vəziyyətə salınır".

Videomaterialı təqdim edirik:

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi