Bakı. 6 yanvar. REPORT.AZ/ Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi küçə və prospektlərdə insanların rahat keçməsi üçün piyada keçidlərinin qarşısında işıqforlar quraşdırılsa da, şəhər sakinlərinin bir qismi onun tələbinə əməl etmir.
"Report"un məlumatına görə, Xocalı prospektində, metronun "Şah İsmayıl Xətai" stansiyasının qarşısından keçən hissəsində dörd ədəd yeni elektron işıqfor quraşdırılıb. Lakin piyadalar işıqforun tələblərinə əməl etmədikləri üçün bu ərazidə yenidən tıxaclar əmələ gəlir. Keçirilən sorğu zamanı qaydanı pozan sakinlər işıqforu görmədiklərini bildiriblər.
Qeyd edək ki, nizamlanan bu kimi piyada keçidlərində işıqforun tələbinə əməl etməyən sürücünü İnzibati Xətalar məcəlləsinin 151.2 maddəsinə əsasən 3 bal və 60 manat cərimə gözləyir. İşıqforun tələbinə əməl etməyən piyadalar isə 20 manat cərimə olunurlar.