Yuxarı

Bakıda Fransanın məşhur modelyeri Jan-Klod Jitruanın moda kolleksiyasının nümayişi keçirilib - FOTOREPORTAJ

Kolleksiyaya daxil olan geyimlərin bir hissəsi media nümayəndələrinə təqdim edilib

Bakı. 25 may. REPORT.AZ/ Bakıda "Azerbaijan Fashion Week" çərçivəsində Fransanın məşhur modelyeri Jan-Klod Jitruanın moda kolleksiyasının nümayişi keçirilib.

"Report" xəbər verir ki, moda nümayişinin ilk hissəsi Fransanın Azərbaycandakı səfirliyində media nümayəndələrinə təqdim edilib.

Kolleksiyanın nümayişindən əvvəl çıxış edən Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bu tədbirin yeni keçirilməyə başlanmasına baxmayaraq, artıq dünya səviyyəsində tanındığını bildirib: "Bildiyiniz kimi, Fransa moda sahəsində vacib ölkələrdən biridir. Moda sahəsindən danışarkən iqtisadiyyatın diversifikasiyasından da danışmış oluruq. Fransada moda sahəsində təqribən minə yaxın şirkət iştriak edir. Bu, 165 min iş yeri deməkdir. Fransanın moda sahəsindəki ixracı təqribən 7 milyard avro təşkil edir”.

Səfir Oreliya Buşe Jan Klod-Jitruanın kolleksiyasının təkcə siyasi xadimləri deyil, həm də şou-biznes, idman nümayəndələrinin diqqətini cəlb etdiyini deyib: “Elton Con, Lady Qaqa, Monako kraliçası, Zinəddin Zidan və s. Jan-Klod Jitruanın kolleksiyasında olan geyimlərdən bəhrələniblər". 

Modelyer Jan-Klod Jitrua Azərbaycan xanımlarının geyimləri ilə bağlı danışıb: "Bakıda olduğum müddətdə Azərbaycan xanımlarının geyimlərinə fikir verirəm. Azərbaycan xanımları zövqlə geyinməyi bacarırlar. Azərbaycanın tanınmış modelyerləri ilə tanışam. Onların kolleksiyalarına bələdəm. Düşünürəm ki, Azərbaycan moda sahəsində sürətli inkişaf mərhələsindədir. Bu gün sizə moda kolleksiyama daxil olan geyimlərin kiçik bir hissəsini təqdim edirəm. Sabah axşam hər birinizi moda kolleksiyama bütünlüklə tamaşa etməyə dəvət edirəm".

Tədbirin rəsmi hissəsi sona çatdıqdan sonra məşhur modelyerin kolleksiyasına daxil olan geyimlər nümayiş etdirilib.

Qeyd edək ki, "Azerbaijan Fashion Week" ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərin iştirakı ilə 40-a yaxın nümayiş keçirilib.

Moda həftəsi Azərbaycanda inkişaf edən moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şərtlərin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, o cümlədən ən böyük satış şəbəkələri və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edirlər. 

FOTO: Firi Salim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi