Azərbaycanın əsas magistral yolunda yararsız yeraltı piyada keçidləri - FOTO - VİDEO

Azərbaycanın əsas magistral yolunda yararsız yeraltı piyada keçidləri - FOTO - VİDEO Səbəb ərazidə təmir işlərinin aparılmasıdır
Multimedia
11 Dekabr , 2015 16:53
Azərbaycanın əsas magistral yolunda yararsız yeraltı piyada keçidləri - FOTO - VİDEO

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində yeraltı piyada keçidləri yararsız hala düşüb. Buna görə də kənd sakinləri üçün yolu keçmək onların həyatı bahasına başa gəlir. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, magistral yolun kəndin içindən keçməsini nəzərə alaraq həmin ərazidə 3 ədəd yeraltı keçid inşa edilsə də, hazırda keçiddən istifadə etmək mümkün deyil.

Sakinlərin sözlərinə görə, bu yolu keçmək onlar üçün çox çətinliklər yaradır: "Bu yol ən çox məktəblilər üçün təhlükəlidir. Hər gün uşaqlarımızı məktəbə aparıb-gətirmək məcburiyyətindəyik. Qış aylarında dumanlı hava şəraiti zamanı avtomobilləri görmək mümkün olmur. Ona görə də bu ərazidə tez-tez yol qəzası baş verir".

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin (NN) "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, magistral yolun sözügedən hissəsində təmir işləri yekunlaşmayıb: "Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində hazırda təmir işləri aparılır. Həmin ərazidə müvəqqəti yol nişanları quraşdırılıb və sürət həddi saatda 40-50 kilometr göstərilib. Sadəcə olaraq, sürücülər sürət həddinə riayət etmirlər. O ki qaldı həmin ərazidə olan yeraltı keçidlərin vəziyyətinə, yaxın vaxtlarda magstral yol tamamilə istifadəyə verildikdə keçidlərdə də bütün şərait yaradılacaq. Həm piyadalar, həm də mal-qaralar üçün nəzərdə tutulmuş keçidlərdən asanlıqla istifadə etmək mümkün olacaq".

Xatırladaq ki, sözügedən ərazidə bir neçə gün öncə 24 yaşlı kənd sakinini, bir il əvvəl isə 2-ci sinif şagirdini yolu keçmək istəyərkən maşın vurub. Hər iki piyada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi