Yuxarı

Azərbaycanın beynəlxalq əhəmiyyətli təbiət ərazisindən - VİDEOREPORTAJ

Bakı. 5 fevral. REPORT.AZ/ Qızılağac Milli Parkında Ümumdünya Su-Bataqlıq Əraziləri Gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, qeyri-hökumət təşkilatlarının, Lənkəran Rayon İcra Hakimiyyətinin, milli parkların nümayəndələri və jurnalistlər iştirak ediblər.

Çıxış edən Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Rəşad Allahverdiyev bildirib ki, Azərbaycan "Ramsar əraziləri"nə görə özünəməxsus yer tutur. Ölkədə sahəsi 200 min hektardan çox olan su-bataqlıq əraziləri mövcuddur. Onların əksəriyyəti öz nadir və zəngin bioloji müxtəliflik komponentlərinə görə əvəzolunmazdır. Sahəsi 1000 hektardan böyük olan su-bataqlıq ərazilərinin sayı 17-yə yaxındır. Qızılağac, Ağgöl və Şirvan milli parkları, Mahmudçala, Hacıqabul gölləri, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı və Xəzərin sahilboyu hissələri belə ərazilərə aiddir. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.

Qeyd olunub ki, 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında" Ramsar Konvensiyası imzalanıb. Konvensiya Azərbaycan tərəfindən 2001-ci il iyulun 18-də ratifikasiya edilib. Ölkəmizdəki Ağgöl və Qızılağac milli parkları “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar siyahısı”na daxil edilib. Qızılağac Milli Parkı ötən il Prezident İlham Əliyevin sərəncamına əsasən eyniadlı qoruğun bazasında yaradılıb.

Qonaqlar Kiçik Qızılağac Körfəzində qışlayan quşları da müşahidə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi