Yuxarı

​Azərbaycanda unikal cərrahiyyə əməliyyatı baş tutub - VİDEO

Bu cür çətin və incə əməliyyat zamanı mikrocərrahiyyə üsulla götürülən toxumadakı damarlar bir-bir boyun damarlarına tikilib

Bakı.18 noyabr. REPORT.AZ/ Mərkəzi Neftçilər Xəstəxanasının mütəxəssisləri nadir və ağır cərrahiyyə əməliyyatı həyata keçiriblər.

Bu barədə "Report"a Plastik, Rekonstruktiv və Estetik cərrah İlyas Axundzadə məlumat verib.

Onun sözlərinə görə, ağız əsası, dil, alt çənə xərçəngindən əziyyət çəkən, əvvəl əməliyyat olunan, ancaq xəstəliyi təkrarlanmış xəstəni normal həyat tərzinə qaytarmaq üçün onun üzərində 12 saat davam edən əməliyyat müvəffəqiyyətlə başa çatıb: "Əməliyyat sərbəst incik dəri-sümük calağı ilə alt çənə rekonstruksiyası adlanır. Bunu mənimlə birlikdə Mərkəzi Neftçilər Xəstəxanasının aparıcı mütəxəssisləri həkim-otolarinqoloq Araz Əliyev və Rauf Kərimov həyata keçiriblər".

İki mərhələdən ibarət olan bu əməliyyatın mahiyyəti ondan ibarətdir ki, ağız əsası, dilin 2/3 hissəsi, alt çənənin sağ tərəfi tamamilə çıxarıldıqdan sonra, xəstə üzərində mikrocərrahiyyə üsulla rekonstruksiya işləri aparılır: "Xəstənin ayağından sağ incik sümüyü, ətraf toxumalar (sinir və damarlar) və onun üzərindəki dəri ili birlikdə çıxarıldı, daha sonra əməliyyatın ilkin mərhələsində çıxarılan sümük və toxumaların bərpası üçün istifadə edilib. Çıxarılan incik sümüyə alt çənə forması verilib və çənənin qalan hissəsinə birləşdirildi, daha sonra götürülən yumşaq toxumalar dilin və ağız əsasın bərpası üçün istifadə edildi".

İlyas Axundzadə deyir ki, bu cür çətin və incə əməliyyat zamanı mikrocərrahiyyə üsulla götürülən toxumadakı damarlar bir-bir boyun damarlarına tikilib: "Xəstənin vəziyyəti yaxşıdır, artıq o, evinə buraxılıb".

Həkim onu da bildirdi ki, incik sümüyü calağı dünyada ilk dəfə 1975-ci ildə Taylor tərəfindən icra olunub: "Azərbaycanda isə ilk dəfə 2010-cu ildə oktyabrın 1-də Mərkəzi Neftçilər Xəstəxanasında icra olunub. İndiyə qədər 5 belə əməliyyat olunub, sonuncusu isə bu ilin oktyabrın 28-də baş tutub.

Sonda onu da qeyd edək ki, sözügedən əməliyyat xaricdə həyata keçirilən analoji prosesdən 3-4 dəfə ucuz başa gəlir. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi