Azərbaycanda ilk dəfə çəltik əkinində yeni texnologiyadan istifadə edilib - VİDEOREPORTAJ

Azərbaycanda ilk dəfə çəltik əkinində yeni texnologiyadan istifadə edilib - VİDEOREPORTAJ Azərbaycanda çəltik əkininə başlanılıb.
Multimedia
29 May , 2019 13:11
Azərbaycanda ilk dəfə çəltik əkinində yeni texnologiyadan istifadə edilib - VİDEOREPORTAJ

Azərbaycanda çəltik əkininə başlanılıb. 

"Report"un Cənub Mərkəzinin məlumatına görə, Lənkəran rayonunda ənənəvi əkin növü olan çəltikçilik son illərdə tamamilə yox olmaq üzrə idi. Təsərrüfatın bu növü ilə, əsasən, qadınlar məşğul olurdu. Çəltik xüsusi hazırlanmış torpaq sahələrində dizə qədər suyun, palçığın içərisinə girməklə əkildiyindən böyük əziyyət tələb edirdi. Bundan əlavə, insan sağlamlığında da ciddi fəsadlar yaradırdı.

Ölkəmizdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatının innovativ üsullar, yeni texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi hesabına çəltikçiliyə də marağı artırıb.

Son üç ildə Lənkəranda bu sahədə fərdi təsərrüfatlarla yanaşı, geniş imkanları olan yeni müəssisələr yaranıb. Hazırda çəltiyin əkin dövrüdür.

Aqronom Fərman Abdullayev bildirib ki, payız-qış dövründə şumlanan torpaqlarda əkinə hazırlıq işləri başa çatıb: "Aprelin əvvəllərindən etibarən xüsusi seçilmiş toxum istixana şəraitində çücərdilərək ləklərə köçürülüb. 10-12 gün istixana şəraitində böyüyən şitillər sonradan açıq havada olan sahəyə köçürülür ki, bu da şitillərin mühitə uyğunlaşmasını təmin edir. Sonradan əkin yerlərinə daşınaraq texnikanın köməyi ilə əkilir. Texnika vasitəsilə gün ərzində, təxminən, 2-3 hektar sahədə əkin aparmaq olur. Bu qədər sahəni əl əməyi ilə əkmək üçün günlərlə vaxt və çoxlu əmək sərf etmək lazım gəlirdi". 

Onun sözlərinə görə, hazırda əkin sahəsini 160 hektara çatdıran təsərrüfatda üç sort "Haşimi", "Sədri" və "Apolo" sortlarından istifadə olunur: "Məhsuldarlıq hektara 45-75 sentner təşkil edir. İstehsal olunan çəltik emal olunduqdan sonra 1, 3, 5, 25 kiloqramlıq qablaşdırmada bazara çıxarılır. Hazır məhsulun realizəsi daxili bazarda həyata keçirilir. "Lənkəran düyüsü" adı ilə topdansatış qaydasında sort keyfiyyətinə uyğun olaraq kiloqrama görə qiyməti 1,80 AZN təklif olunur".

F.Abdullayev deyib ki, çəltikçiliyin daha da geniş inkişaf etdirilməsindən ötrü ayrıca toxumçuluq təsərrüfatları yaradılmalıdır. Əks təqdirdə, əldə olunan sortlar getdikcə öz xüsusiyyətlərini və məhsuldarlığını itirə bilər.  

Son xəbərlər

Orphus sistemi