Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Şimali İrlandiya milli komandaları 2018-ci il Dünya çempionatının seçmə qrup oyunundan əvvəl son məşqə çıxıblar.
"Report"un məlumatına görə, məşq görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Əvvəlcə qonaqlar, sonra isə meydan sahibləri məşq edib. Hər iki komandanın çalışmalar zamanı yüksək əhval-ruhiyyədə olmaları gözdən qaçmayıb.
Qeyd edək ki, iyunun 10-da oynanılacaq Azərbaycan - Şimali İrlandiya qarşılaşması saat 20:00-da başlanacaq.










