Ailəsi ilə danışdıqdan 40 dəqiqə sonra şəhid olan hərbçinin xatirə lövhəsi açılıb

Ailəsi ilə danışdıqdan 40 dəqiqə sonra şəhid olan hərbçinin xatirə lövhəsi açılıb Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən və şəhidlik zirvəsinə ucalan döyüşçülərimizdən olan Vüsal Şahmarlının doğum günüdür.
Multimedia
11 Oktyabr , 2021 15:15
Ailəsi ilə danışdıqdan 40 dəqiqə sonra şəhid olan hərbçinin xatirə lövhəsi açılıb

Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizdən olan Vüsal Şahmarlının doğum günüdür.

"Report" xəbər verir ki, şəhidin doğum günü münasibətilə Xətai rayonundakı yaşadığı ünvanda xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, şəhidin ailə üzvləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Mərasimdə şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Şəhidin ailə üzvləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, V.Şahmarlı 1996-cı ilin oktyabrın 11-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub.

O, ilk təhsilini Rusiyanın Tümen şəhərində alıb və 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıdıb. Daha sonra təhsilini Bakı şəhəri 138 nömrəli orta məktəbdə davam etdirib. Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmət zamanı 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

V.Şahmarlı ötən il sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinin təlim toplantılarına çağırılıb. O, 2020-ci ilin sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 18-də Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində şəhid olub.

O, Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi