Ağdamda yeni yaradılan Sənaye Parkı və muzeylərdən - VİDEOREPORTAJ

Ağdamda yeni yaradılan Sənaye Parkı və muzeylərdən - VİDEOREPORTAJ İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərindən biri də Ağdam Sənaye Parkının yaradılmasıdır.
Multimedia
3 İyun , 2021 16:27
Ağdamda yeni yaradılan Sənaye Parkı və muzeylərdən - VİDEOREPORTAJ

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərindən biri də Ağdam Sənaye Parkının yaradılmasıdır.

"Report"un əməkdaşı İsmayıl Nəsibli mayın 31-də Prezidentin izi ilə Ağdam şəhərinə səfər edib, yeni yaradılacaq Sənaye Parkı, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi ilə yaxından tanış olub.

Ağdam şəhərinin Baş planının təsdiq olması ilə burada Prezident İlham Əliyev mayın 28-də Sənaye Parkının təməlini qoyub.

Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.

Ağdam Sənaye Parkının yaradılması ilə bağlı Prezident İlham Əliyev mayın 28-də fərman imzalayıb. Fərmana əsasən, Parkın fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınacaq.

Ağdam sakini Pənah Abbasov “Report"un əməkdaşı ilə söhbət edən zaman bildirib ki, rayonu tərk edəndə 17 yaşı olub:

“Hazırda dayandığımız yer kəndimizin ərazisidir. Burada un kombinatı, mal bazarı, xalça zavodu, alma bağları və digər zavodlar var idi. Hətta dayandığımız yerdən düz gedəndə qarşıda dəmir yolu vağzalı fəaliyyət göstərirdi. İndi Ağdama gələndə gənc vaxtı gördüklərimin heç birini burada tapa bilmədim, əsər-əlamət belə qalmayıb. Qalanlar isə ermənilər tərəfindən dağıdılmış binaların daşlarıdır. Qəbiristanlıqlar da yerlə-yeksan edilib. Uşaq vaxtı bu yerlərdə mal-qoyun otarırdıq”.

Pənah Abbasov
Pənah Abbasov

"Report"un əməkdaşı Zəfər və İşğal muzeylər kompleksinin təməli qoyulan ərazilərə də səfər edib.

Bu muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanıb. Hər iki kompleksin iki hissəsi olacaq - İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ yaradılacaq.

Bu, ümumilikdə 22,5 hektar ərazini əhatə edir. Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşir, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi də burada olacaq.

Video: Vüqar Xanlarov

Montaj: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi