Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və Fransız-Azərbaycan Universitetində (UFAZ) payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün media-tur təşkil olunub.
“Report”un xəbərinə görə, media-tur çərçivəsində Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər auditoriyalarda imtahan prosesini izləyiblər.
Qeyd olunub ki, hər iki universitetdə imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Eyni zamanda, imtahan prosesində yarana biləcək mənfi halların araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə operativ qərargah fəaliyyət göstərir.
UFAZ-ın direktoru Vazeh Əsgərov təhsil ocağı barədə tədbir iştirakçılarına məlumat verib.
Media-turdan sonra Müşahidə Şurasının iclası keçirilib. İmtahanları izləyənlər prosesin obyektiv aparıldığını bildiriblər.