“ADEX-2016” - FOTOREPORTAJ

“ADEX-2016” - FOTOREPORTAJ Baş nazirin birinci müavini prezidentin sərgi iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub
Multimedia
27 Sentyabr , 2016 11:13
“ADEX-2016” - FOTOREPORTAJ

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın nümayişi - “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılışı olub.

"Report"un xəbərinə görə, sərgidə iştirak edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: "Bugünkü sərgi də bunun bariz nümunəsidir. Bu gün Azərbaycan ordusu regionda ən güclü ordular sırasındadır. Bu il sərgidə 260 məmulat nümayiş olunur. İlk dəfə mina əleyhinə ildırım zirehli maşın və digər texnikalar nümayiş etdirilir. 125 yeni məmulatın hazırlanması istiqamətində işlər davam etdirilir. 45 ölkədən 250 şirkət burada iştirak edir. Eyni zamanda, 20 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir".

Baş nazirin birinci müavini Yaqub Eyyubov isə çıxışında prezidentin sərgi iştirakçılarına ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradır.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edir. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələri nümayiş etdirilir. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlər nümayiş etdirilir: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Son xəbərlər

Orphus sistemi