Uşaqların ad və soyadlarının dəyişdirilməsinə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda baxılması təklif edilir.
“Report” xəbər verir ki, bu təkliflə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, bundan əvvəl prosesi Qəyyumluq və Himəyəçilik komissiyaları həyata keçirirdi:
“Çünki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əsasnaməsində bununla bağlı maddə yoxdur. Bu məsələnin də həmin komissiyaya tapşırılmasını təklif edirəm”.
R.Vəliyeva həmçinin bildirib ki, Bakıda qeydiyyatsız yaşayan uşaqların sayı çoxdur:
“Bu onların təhsil və bəzi sosial hüquqlarının təmin edilməsinə çətinlik yaradır. Həmin uşaqlar əvvəllər yerli polis şöbələrində qeydiyyata salınırdı. Ancaq bunun qarşısı alınıb, nəticədə çox çətinlik çəkirik".
O, valideynlərin də bu işdə tənbəllik etdiyini söyləyib:
"Hətta uşaq ali məktəbə sənəd verməyə hazırlaşanda Bakıda qeydiyyata salınması üçün müraciət edirlər. Uşaqların hansısa yaxın qohumlarının, tanışlarının evinə müvəqqəti də olsa qeydiyyata salınması üçün komissiyalara səlahiyyət verilməsi, problemin həllini tapmasına yardımçı olar”.