Yeni qulluq yerinə köçən gömrük orqanlarının vəzifəli şəxslərinə birdəfəlik kompensasiya ödəniləcək.
"Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirə edilən “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
Qeyd edilib ki, qanun layihəsi gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük orqanı əməkdaşlarının yeni qulluq yerinə köçməsinin və bununla bağlı ona kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir. Belə ki, gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. Qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir. Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunmuşdur və praktikada tətbiq olunur.
Hazırkı qanunda isə qeyd edilib ki, gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.