Xanım deputat: “Qadınlarla bağlı problem həmişə var...” - MÜSAHİBƏ

Xanım deputat: “Qadınlarla bağlı problem həmişə var...” - MÜSAHİBƏ “Təhsil sistemini xalqın xüsusiyyətinə uyğunlaşdırmaq lazımdır”
Milli Məclis
8 Mart , 2019 13:07
Xanım deputat: “Qadınlarla bağlı problem həmişə var...” - MÜSAHİBƏ
Deputat Sona Əliyeva / Report/ Elchin Murad

“Təhsil sistemini xalqın xüsusiyyətinə uyğunlaşdırmaq lazımdır”

Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı, parlamentin İnsan hüquqları, Elm və təhsil komitələrinin üzvü Sona Əliyevanın “Report”a müsahibəsi:

- 8 mart – Beynəlxalq Qadınlar Gününün sizin üçün önəmi nədən ibarətdir?

- Xüsusi önəm vermirəm. Hazırda da heç bir planım yoxdur. Adi bayramlardan biri kimi qəbul edirəm. Ümumiyyətlə, bayramları ailəmlə birlikdə qeyd etməyə çalışıram.

- Bəzi xanımlar hədiyyə məsələsində bir qədər kaprizlidirlər. Bəs sizdə necədir?

- Ümumiyyətlə, kaprizli insan deyiləm. Hədiyyə, yemək və digər məsələlərlə bağlı hər hansı kaprizim yoxdur. Yəni nə varsa, odur. Allaha şükür edirəm.

- Sizcə, cəmiyyətdə qadınlarla bağlı hansı problemlər var və bu problemlərin həlli üçün nə təklif edirsiniz?

- Qadınlarla bağlı problem həmişə var... Seçicilərlə görüşdə boşanmalar, alimentin ödənilməməsi, yaşayış yerinin verilməməsi ilə bağlı müraciətlər edirlər. Boşandıqdan sonra qadının yaşayış hüququ tanınır, amma bəzi hallarda qarşı tərəf buna imkan vermir. Bəzən elə olur ki, qadın boşanır, nə atası, nə anası qəbul edir, keçmiş həyat yoldaşının ailəsi də yaşamaq üçün yer vermir. Bu, ciddi problemdir. İş, müalicə üçün də müraciət edənlər var.

- Kömək edə bilirsinizmi?

- Biz dövlət imtiyazlı məsələləri yoluna qoya bilirik, heç vaxt maneə ilə qarşılaşmamışam. Məsələn, Səhiyyə Nazirliyinə etdiyimiz müraciətlərə həmişə müsbət cavab verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyimiz müraciətlərə də baxılır, çox az hallarda müsbət cavab verilməyib. Əgər vətəndaş şikayətində haqlıdırsa, onu asanlıqla həll etmək olur. Bəzi hallarda vətəndaşlar hüquqlarını bilmirlər, müraciət etdiyi ünvanı düzgün seçmir…

- Yəqin ki, deputat seçildiyiniz ərazidə də xüsusi qayğıya ehtiyacı olan xanımlar var. Onların problemləri ilə bağlı hansı addımları atırsınız?

- Bu məsələni yalnız qadınlara şamil etmək düzgün deyil. Ümumiyyətlə, əlilliyi olan insanlar həssas qruplara aiddirlər. Təkcə Azərbaycanda deyil, dünyada bu insanlara yanaşma birmənalı deyil. Hər hansı şirkət o qədər humanist deyil ki, sağlam insanla əlilliyi olan şəxs arasında fərq qoymasın. Bunu üzülərək söyləyirəm, nadir hallarda belə addım atılır, onlar işlə təmin olunur. Şəxsən özəl sektorda fiziki məhdudiyyətli insanların işlə təmin edilməsinə rast gəlməmişəm. Onların problemləri istiqamətində nə lazımdırsa, edirəm.

- Karyeranızda hansı çətinliklərlə üzləşmisiniz?

- Ümumiyyətlə, qadın olmaq məsələnin xoş olmayan tərəfidir. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Qadın doğulmaq, qadın kimi yaşamaq çətindir… Qadınlar üçün bir çox maneələr var. Paxıllıq, gözügötürməzlik kimi hallar olur. Bu, bir çox hallarda qadınlar arasında baş verir. Əksər cəmiyyətlər patriarxal cəmiyyətlərdir, kişiyə daha çox üstünlük verilir. Nəzərə alsaq ki, biz özümüz də ailədə kişiyə üstünlük veririk, bütün problemlərin həllində ona güvənirik. Deputat olsam belə, ailədə bəzi məsələləri həyat yoldaşım həll edir (gülür). Cəmiyyət olaraq kişini üstün görməkdə davam edirik. Biz bu streotipi qıra bilmirik, görünür, bu, milli-mənəvi xüsusiyyətlərimizdən, dəyərlərimizdən irəli gəlir. Bir sözlə, qadın üçün yaşamaq, işləmək, uğurlu olmaq çox çətindir. Şükür olsun ki, ailə qurduğum şəxs karyeramla bağlı hər hansı baryer qoymayıb, özümü inkişaf etdirməyə, kurslara, seminarlara qatılmağa qadağa qoymur. Mənə həmişə deyilib ki, “Əgər sən bu işdən zövq alırsansa, mane olmarıq”. Bu baxımdan, həmişə işləmişəm və bundan böyük zövq almışam. Mənə həmişə kənar təsirlərlə mane olmaq cəhdləri olub. Məsələn, bir müddət öncə, bəzi mətbuat orqanlarında barəmdə həqiqətə uyğun olmayan, sifarişli yazılar dərc edildi. Desəm ki, dövlət strukturlarında hər hansı maneə ilə rastlaşmışam, düzgün olmaz. Əksinə, mənə həmişə qadın olduğum üçün dəstək olublar. Çünki Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri də qadınlarla bağlıdır. Dövlət qadınların seçkili orqanlarda, dövlət strukturlarında, vətəndaş cəmiyyəti institutlarında təmsilçiliyinə müsbət yanaşır. Qeyd etdiyim kimi, maneə yalnız bəzi mətbuat orqanlarında dərc olunan yazılar olub. İlk vaxtlar çətin idi, həddən artıq stress keçirirdim. Sonralar isə əhəmiyyət vermədim.

- Əvvəllər müəllim kimi fəaliyyət göstərmisiniz, sonra Şəmkir Rayon İcra Hakimiyyətində yüksək vəzifədə çalışmısınız, hazırda da deputatsınız. Hansı dövrdə özünüzü rahat hiss etmisiniz?

- Mənim üçün heç biri rahat olmayıb, ona görə ki, çalışdığım bütün sahələrdə davamlı işləmişəm. İşləməmişəm ki, məni təltif etsinlər… Ümumiyyətlə, gəncliyimdən bir qədər patriotam, həmişə düşünmüşəm ki, bu ölkədə yaşayıramsa, dövlətə hər hansı xidmətim olmalıdır, vətəndaş məsuliyyətimi dərk etmişəm, heç vaxt təmanna güdməmişəm. Belə olan halda, deməyə əsasım var ki, çalışdığım heç bir yer mənə rahat olmayıb. Bir qədər də maksimalistəm, düşünürəm, nəsə olacaqsa, yaxşısı olsun, ya da heç olmasın. Deməzdim ki, ən yaxşısına nail olmuşam, amma ən yaxşını əldə etmək üçün çox çalışmışam.

- Milli Məclisdə təklifləriniz daha çox uşaqlar və məktəblilərlə bağlıdır. Deyəsən, bu məsələdə çox həssassınız…

- Doğrudur. Bu məsələdə çox həssasam. Mənim üçün həyatda ən önəmli övladlarımdır. Onlar mənim üçün birinci sırada dayanır. Təhsil sahəsini yaxşı bildiyim üçün daha çox o istiqamətdə təkliflər irəli sürürəm. Bəzi məsələlərə yanaşmam bir qədər fəlsəfidir. “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanmasında yaxından iştirak etmişdim. “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanan zaman da müəyyən təkliflərim olmuşdu.

- “Ümumi təhsil haqqında” qanunun layihəsinin müzakirəsi zamanı məktəbli formasına diqqət çəkdiniz. Bildirdiniz ki, qanundakı vahid məktəbli forması ilə bağlı müddəa valideynlərdə narazılıq yaradacaq. Yəni siz bu sahənin bir əldə cəmləşəcəyini qeyd etdiniz. Sizcə, bu məsələ necə tənzimlənməlidir?

- Bu, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb. Sadəcə, bunun qanuna gətirilməməsini təklif etmişdim. Çünki bəzi hallarda bundan sui-istifadə halları olur. Bu halların qarşısının alınması üçün belə bir təklif verdim.

- Ümumiyyətlə, hansı sahələrdə boşluq görürsünüz və tənzimlənməsi üçün təklifləriniz nədən ibarətdir?

- Sosial şəbəkələrlə bağlı ciddi müzakirə mövzusudur. Bəziləri deyir, giriş məhdudlaşdırılsın, bəziləri isə bunun əleyhinədir. Mən təkcə sosial şəbəkələrin deyil, ümumiyyətlə, “fake news”larla (saxta xəbər) bağlı tədbir görülməsini təklif edirəm. Bu sahənin tənzimlənməsi üçün mexanizm olmalıdır. Saxta xəbərlər vətəndaşa, dövlətə, bütövlükdə cəmiyyətə zərər verir. Çünki saxta xəbərlər mənəvi dəyərlərin aşınmasına yol açır. Məsələn, bir müddət öncə, sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yayıldı. Təsəvvür edin ki, onun yaxınları nə düşünür, onun uzaqda olan qohumları ola bilər və necə stress keçirir? Təsəvvür edin, bir insan haqqında yalan xəbər yayılan zaman onun yaxınları oxuyur, nə hala düşür... Saxta xəbərlərlə mübarizə dünyada müzakirə predmetinə çevrilib, sosial şəbəkələrin insanların düşüncəsinə təsiri məsələsi müzakirə olunur. Təhqir və böhtanların yer alması ilə bağlı da narahatlıqlar var. Tutaq ki, sosial şəbəkədə qarşıma saxta xəbər çıxır, oxuyuram, təsirlənirəm, düşüncəmi dəyişir, bu, mənim hüquqlarıma ziddi deyilmi? Bunu hüquq pozuntusu sayıram. Saxta xəbərlər insanların mənəviyyatına təsir edir. Ümumiyyətlə, internetdə müəyyən məsələlərin qanunvericiliklə tənzimlənməsinin tərəfdarıyam. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı təkliflərlə çıxış etmişdim. Axı nəyə görə övladım ona lazım olmayan informasiyanı almalıdır və təsir altına düşməlidir? Bilirsiniz ki, bu intiharlara, evdən qaçmalara, ailə problemlərinə səbəb olur. Hesab edirəm ki, virtual məkan ikinci dünyadır, tənzimlənməsinə ehtiyac var.

- Bəzi beynəlxalq təşkilatlar sosial şəbəkələrlə bağlı qanunvericiliyin sərtləşdirilməsinin yolverilməz olduğunu qeyd edirlər...

- Mən belə düşünmürəm. Avropa Şurası Parlament Assambleyası bu məsələyə baxır, müzakirələr aparılır. Bir sıra ölkələrdə həm sosial şəbəkələrin, həm də süni intellektin insan hüquqlarına təsiri ilə bağlı müzakirələr, artıq başlayıb. Bu, Azərbaycana qarşı ikili yanaşmalardan dolayı, təzyiq vasitəsinə çevrilə bilir. Amma bunu dünya müzakirə edir. Əgər sosial şəbəkələr seçkiyə təsir edirsə, hər hansı siyasi fəaliyyəti istiqamətləndirə bilirsə, inqilaba yol açırsa, düşünmək lazımdır. Bu, şəxsi çərçivədə olan məsələ deyil, dövlətlərin və xalqların təhlükəsizliyinə təhdidlərdir.

- “Facebook”dakı səhifənizi özünüz idarə edirsiniz?

- Mən və əməkdaşlarım idarə edir. Səhifə olduğu üçün bir neçə admin var.

- “Wikipedia”da sizlə bağlı məlumat məhduddur. Bunun səbəbi nədir?

- Doğrudur. Əvvəllər, ümumiyyətlə, heç mediaya çıxmağa da maraqlı deyildim. “Wikipedia”da məlumatların yerləşdirilməsi ilə bağlı tövsiyənizi nəzərə alaram.

- Beynəlxalq təşkilatların Azərbaycandakı insan hüquq və azadlıqları ilə bağlı mövqelərinə münasibətiniz necədir?

- Bir çox ölkələrdə olmuşuq. Düşünürəm, Azərbaycanda olan azadlıq, rahatlıq, insanlara olan hörmət və ehtiram dünyanın heç bir yerində yoxdur. Bəzi inkişaf etmiş ölkələrdə insan hüquqları nə dərəcədə qorunur? Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyasına, Suriya miqrantları ilə davranışlarına baxın... İnsanın hansı irqdən, xalqdan, dövlətdən olması önəmli deyil. İnsan hüquqları məfhumu bütün insanlara şamil edilir, ayrı-seçilik doğru deyil. Həmin beynəlxalq təşkilatlar Azərbaycanla bağlı yanaşmalarında şəxsi maraqlarından çıxış edirlər.

- Prezident İlham Əliyev sadə vətədaşlarla, müxtəlif sahələrin təmsilçiləri ilə görüşlər keçirir, onların təkliflərini dinləyir. Bəs deputatlarla görüş keçirilərsə, hansı təkliflə çıxış edərdiniz?

- Prezidentlə görüşsəm... Yəqin ki, həyacanlanardım, çünki, bu, mənim üçün qürurverici haldır. Tam səmimi deyirəm... Bilirsiniz ki, son vaxtlar dövlət başçısı sürətli islahatlar həyata keçirir, bütün sahələrlə bağlı problemlər həll edilir. Düşünürəm, təhsil sahəsi ilə bağlı təkliflərimi səsləndirərdim. Amma bizim narazı qaldığımız məsələlərlə bağlı Təhsil Nazirliyində müəyyən işlər aparılır. Doğrusu, təklifim konkret deyil...

- Hazırda dərs yükü ilə bağlı narazılıqlar var...

- Ümumiyyətlə, həyatda hər şeyin sadələşdirilməsinin tərəfdarıyam. Yəni nəyisə mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Təhsil sahəsi, dərsliklər də bu qaydada olarsa, yaxşı olar. Dünya informasiya, bilik dünyasıdır, davamlı öyrənmək, təhsil almaq, özünü inkişaf etdirmək lazımdır. Hazırda təhsil sahəsində islahatlar aparılır, dünya təcrübəsindən istifadə olunur. Bu elə bir sahədir ki, təcrübədə yoxlamadan bilmək olmur. Həmişə Finlandiya və Koreya təhsil sistemini misal çəkirəm. Finlandiya təhsil sisteminə baxsaq görərik ki, çox humanist sistemdir, uşaqlara ev tapşırığı belə, vermirlər. Amma Koreya təhsil sistemində isə test, imtahan tətbiq olunur, yəni təzyiq var. İki fərqli modelin ikisi də uğurludur. Düşünürəm ki, təhsil sistemini xalqın xüsusiyyətinə uyğunlaşdırmaq lazımdır.

- Azərbaycan xalqına bu təhsil sistemi uyğundur?

- Bəzi məqamlarda razılaşıram, bəzi məqamlarda isə razılaşmıram. Məsələn, hazırda fənn kurikulumları tətbiq edilir. Biz bunun fəlsəfəsini anlamalıyıq. Krikulumun əsas məqsədi araşdırmaq və öyrənməkdir. Yaddaş məktəbi bir kitabda informasiyanı əzbərləmək və geri qaytarmaqdır. Təfəkkür məktəbində isə araşdırılır, öyrənilir, qiymətləndirilir, yəni bilik hazır şəkildə alınmır. Biz təfəkkür məktəbinə sözdə keçdik, bəzi məqamlarda yaddaş məktəbi qalmaqdadır. Bizə elə gəlir ki, uşaqlara informasiyanı əzbərlətməliyik, informasiya nə qədər bol olarsa, bir o qədər yaxşıdır. Amma əslində belə deyil. Razı deyiləm ki, indiki informasiya bolluğunda uşaqları yükləyək. Onsuz da informasiya resursları çoxdur.

- Bəzi inkişaf etmiş ölkələrdə insanlar dövlət strukturlarında kimlərin təmsil olunduğundan xəbərsizdir...

- Bəli. Onları maraqlandıran əsas məsələlərdən biri ayın sonu nə qədər vergi ödəmələridir. Düşünürəm, uşaqları bu qədər yükləməyə ehtiyac yoxdur. Onsuz uşaq telefonu açır, hər şeyi oxuyur, nə istəyirsə, onunla bağlı məlumat alır. Təfəkkür məktəbinin əsas məqsədlərindən biri informasiya bolluğunun içində düzgün seçim etmək və tətbiq etməkdir. Biz bunu düşüncəmizdə oturda bilməmişik. Qiymətləndirmə sisteminin də sadələşdirilməsinin tərəfdarıyam. Məncə, bir qədər mürəkkəbdir.

- Bəzi məmurlar, deputatlar, hətta müxalifyönlü şəxslər övladlarının xaricdə təhsil almasına üstünlük verirlər. Bəs siz necə?

- Mən də o kateqoriyaya aidəm (gülür). Övladlarım tibb ixtisası üzrə hazırlaşır. Qızımın təhsili ilə bağlı qərar verdik ki, Türkiyədə təhsil alsın. Türkiyədə tibb təhsili kifayət qədər güclüdür. Deməzdim ki, Azərbaycanın təhsil sistemində çatışmazlıqlar var, bu, sadəcə, qızımın arzusu idi. Biz övladımızın arzusunu yerinə yetirdik. Qızım genetik olmaq istəyir, bu sahə ölkəmizdə bir qədər inkişaf etməyib. Azərbaycan Milli Elmlər Akademiyasında laborotiya var, yüksək səviyyədə deyil. O düşüncədə deyiləm ki, övladlarımızı təhsil üçün mütləq xaricə göndərmək lazımdır, çünki Azərbaycanda kifayət qədər yaxşı ali təhsil müəssisələri var. Elə təhsil müəssisələrimiz var ki, xaricdən axın olur. Tibb Universiteti də yaxşı təhsil verir, xarici ölkələrlə ikitərəfli münasibətləri var.

- Müsahibələrinizdən birində demişdiniz ki, kitabları oxuduqdan sonra Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzinə verirsiniz. Ümumiyyətlə, təmsil etdiyiniz rayonda kitaba maraq necədir?

- Desəm ki, kitaba maraq yüksəkdir, yalan olar. Son vaxtlar kitab oxumağı tərgitmişik. Səhv etmirəmsə, rayondakı Heydər Əliyev Mərkəzində 18 min kitab var. Maraqlıdır ki, mərkəzin oxucularının əksəriyyəti evdar qadınlardır, aktiv 500 oxucusu var. Təbii ki, 215 min əhalisi olan rayon üçün 500 böyük rəqəm deyil.

Son xəbərlər

Orphus sistemi