TBMM sədri: Ukrayna müharibəsi Rusiyanın Qərblə müharibəsinə çevrilib

TBMM sədri: Ukrayna müharibəsi Rusiyanın Qərblə müharibəsinə çevrilib Rusiya-Ukrayna müharibəsi Rusiyanın həm də kollektiv Qərblə müharibəsinə çevrilib.
Milli Məclis
22 Fevral , 2024 10:32
TBMM sədri: Ukrayna müharibəsi Rusiyanın Qərblə müharibəsinə çevrilib

Rusiya-Ukrayna müharibəsi Rusiyanın həm də kollektiv Qərblə müharibəsinə çevrilib.

“Report”un xəbərinə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

“Biz tezliklə hər iki tərəfin sülhə gəlməsi yolunda lazımi addımları atmağa hazırıq, həmişə hazır olmuşuq və bu yolda addımlar atmışıq. Türkiyə taxıl böhranının da aradan qalxmasında böyük rol oynadı. Ümumiyyətlə, istər Ukrayna, istərsə də Fələstində davam edən müharibə göstərir ki, hazırkı qlobal sistem heç nəyi həll etməyə qadir deyil", - o qeyd edib.

N.Kurtulmuş bütün bəşəriyyəti eyni görən və insanlara eyni prizmadan yanaşan yeni sistem yaradılmasını da təklif edib: "Bizim buna ehtiyacımız var. Buna gücümüz çatar. Ona görə də təhlükəsizlik və stabillik aspektindən fəaliyyətimizi gücləndirməli, qarşılıqlı müzakirələrə xüsusi yer verməliyik, əks təqdirdə vəziyyət daha da gərginləşə bilər. İnşallah, Asiya Parlament Assambleyası bir tərəfdən Asiya ölkələri arasında əməkdaşlığı inkişaf etdirəcək, digər tərəfdən qlobal miqyasda sülhü təşviq edəcək mexanizmə öz töhfəsini verəcək".

TBMM sədri vurğulayıb ki, dünya çox mühüm mərhələdən keçir: “Bu çərçivədə Asiyada da vacib tarixi fürsət yaranıb. Yüksəlişə keçən Asiyada təhlükəsiz şəkildə əməkdaşlığı təmin etmək üçün Asiya Parlament Assambleyası vacib platformadır. Asiya qlobal sülhə öz töhfəsini verə bilər. Türkiyə olaraq 2019-cu ildən başladığımız “Yenidən Asiya” siyasəti ilə Asiya ilə münasibətlərə böyük önəm veririk. Çünki Asiya mədəniyyətin beşiyidir".

Son xəbərlər

Orphus sistemi