Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.
"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, ölkələr və regionun rifahı naminə əməkdaşlığı daha da artıra və ümumi inkişaf məqsədlərinə çatmağa imkan yarada biləcək mühüm sahələr var:
"Onlardan biri nəqliyyat əlaqəsidir. Nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırılması nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında iqtisadiyyat və ticarət əlaqələrini mütləq inkişaf etdirəcək".
S.Qafarova eyni zamanda təmiz ətraf mühit və yaşıl inkişafın Azərbaycanın davamlı inkişaf gündəliyinin əsas prioritet sahələrindən biri olduğunu deyib: "Azərbaycan həmçinin 2030-cu ilədək dünyada bərpa olunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üzrə Qlobal Sazişə qoşulub. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ev sahibi ölkə seçilib. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək öhdəliyinin təsdiqidir".