Şöbə müdiri: "Reproduktiv sağlamlıq əhalinin sayının, cins tərkibinin tənzimlənməsini şərtləndirir"
- 06 mart, 2023
- 08:25
"Reproduktiv sağlamlıq əhalinin sayının, cins tərkibinin tənzimlənməsini şərtləndirir".
"Report" xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında “Reproduktiv sağlamlıq haqqında” Model Qanun layihəsinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, gənclər arasında reproduktiv sağlamlığın qorunması metodları barədə dərin bilgilər yoxdur: "Reproduktiv sağlamlıq sahəsində informasiyanın əldə olunması və məxfiliyin qorunması sahəsində vəziyyət elə də arzuolunan halda deyil. Təqdim olunan model qanun layihəsi olduqca aktual bir sahəni ehtiva edir. Belə ki, nəsil artırmaq, təhlükəsiz cinsi həyat yaşamaq, sağlam uşaqlar dünyaya gətirmək, valideyn olmaq istəyi və ehtiyaclı insanın şüurlu varlıq olaraq təbiətindən irəli gəlir, həyatının əsas qayəsini təşkil edir. Müasir dövrdə isə ekoloji faktorlar, müxtəlif xəstəliklərin geniş yayılması, bu sahədə tibbi yardım sisteminin müasir tələblər səviyyəsində olmaması, eləcə də kadr potensialının, yeni texnologiyaların tətbiq imkanlarının məhdudluğu kimi müxtəlif obyektiv və subyektiv səbəblərdən reproduktiv sağlamlığın qorunması sahəsində problemlər qalmaqdadır".
Şöbə müdiri bildirib ki, insanların reproduktiv sağlamlığı üçün ciddi təhlükələrin yaranması müasir dövrdə bu sahəyə dövlət qayğısının artırılmasını zəruri edir: "Eyni zamanda beynəlxalq qurumlar da bu məsələlərə diqqəti artırır. Reproduktiv sağlamlıq məsələsi, eyni zamanda demoqrafiya məsələləri ilə də sıx bağlıdır. Çünki reproduktiv sağlamlıq və ailə planlaşdırılması məsələləri birbaşa əhalinin sayının, cins tərkibinin tənzimlənməsini şərtləndirir. Bu model qanun layihəsi adından da göründüyü kimi, reproduktiv sağlamlığın qorunması kimi həllini gözləyən problemi tənzimləyir. Əlbəttə, əsas məqsəd və hədəf ondan ibarətdir ki, insanların reproduktiv sistemi sağlam olsun, sağlam cinsi həyat yaşayaraq təbii yollarla, heç bir həkimə, köməkçi vasitəyə ehtiyacı olmadan uşaqları doğulsun və bu uşaqlar sağlam olsunlar. Lakin həyatda heç bir kəs bu sahədəki problemlərdən sığortalanmayıb. Məhz ona görə də reproduktiv sağlamlığın problemləri olduğu halda, ailə planlaşdırması mexanizmi insanların köməyinə gəlir. Bir qədər əvvəl qeyd etdiyim kimi, insanın nəsil artırmaq ehtiyacı onun bioloji və sosial varlığının mahiyyətindən irəli gəlir. Bu, hər bir fərdin psixoloji durumunu, gələcəyə ümidlərini ifadə edir, ailənin qorunmasına xidmət edir. Məhz bu məsələlərin hüquqi əsaslarını müəyyən və təsbit edən model qanun layihəsi vacib hüquqi sənəd olaraq dəyərləndirilməlidir".